Şriftin ölçüsü :

Saytın rəngi :

Arzumuz gələcəkdə Şəkini dünyanın şirniyyat paytaxtı kimi görmək və tanıtmaqdır

21 iyul 2014 | 15:00

Şəkidə ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilir. Buna qədər dünyada müxtəlif şirniyyat festivalları olub. Biz özümüz Bakıda üç il dalbadal belə festival reallaşdırmışıq. Lakin etiraf etməliyəm ki, bu formatda festival ilk dəfədir ki, təşkil edilir.
Bu fikirləri Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov Şəkidə keçirilən Beynəlxalq ənənəvi şirniyyat festivalında jurnalistlərə müsahibəsində söyləyib.
Festivalın ənənəvi olaraq Şəkidə keçirilməsi ideyasının, təklifinin şəhər icra hakimiyyəti tərəfindən verildiyini bildirən qurumun rəhbəri ilk festivalda Azərbaycanın bütün rayonlarının deyil, bu bölgəyə yaxın 23 şəhər və rayonun, həmçinin 6 ölkənin şirniyyatçılarının iştirak etdiklərini diqqətə çatdırıb. Bildirilib ki, Şəki bu festivalda 17 şirniyyat sexinin məhsulları ilə təmsil olunub. Festivalın şərtlərinə görə, hazırlanan şirniyyatlar tam milli, özünəməxsus olmalıdır. Təbii ki, şirniyyatların dadı və tamına, səliqəli hazırlanmasına, necə təqdim olunmasına da xüsusi diqqət yetirilir. Münsiflər heyətinin sədri və əsas üzvləri xarici ölkələrin vətəndaşlarıdır. Onlar heç kimi tanımırlar. Qiymətlər 100 ballıq sistem üzrə verilir.
Festivalda qızıl, gümüş və bürünc medallardan əlavə, bütün iştirakçılar üçün həvəsləndirici mükafatların, diplomların nəzərdə tutulduğunu nəzərə çarpdıran Tahir Əmiraslanov, bu şirniyyat bayramında heç kimin məğlub olmadığını bildirib. Qurumun rəhbəri daha sonra deyib: “Əsas məqsədimiz Şəkinin imicini daha da qaldırmaqdır. Şəkim camaatının dili də şirniyyatları kimi şirindir. Şəki ölkəmizin şirniyyat mərkəzidir. Biz Şəkini əvvəlcə Azərbaycanın, gələcəkdə isə dünyanın şirniyyat paytaxtı kimi görmək arzusundayıq. İstəyirik ki, bütün dünya Şəkini şirniyyat paytaxtı kimi tanısın, dünyanın ən gözəl şirniyyatlarını dadmaq istəyənlər buraya gəlsinlər”.

Keçidlər