Azərbaycan milli mətbuatı zəngin tarixə, mütərəqqi və şanlı ənənələrə malikdir
İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətində mətbuat nümayəndələri ilə görüş keçirildi.
Şəkidə, eləcə də bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola geniş nəzər salındı, milli mətbuatımızın qazandığı nailiyyətlərdən söhbət açıldı.
Media təmsilçilərini əlamətdar bayram münasibətilə təbrik edən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar edilməsində jurnalistlərin yaxın dostu, ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətləri olduğunu bildirdi. Qeyd edildi ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərmələri üçün zəruri qanunvericilik bazası yaradılıb. Mətbuata dövlət tərəfindən böyük qayğı göstərilir, jurnalistlərin əməyi qiymətləndirilir. 1998-ci ildə mətbuatda senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin qarşısında geniş perspektivlər açıb.
Bildirildi ki, mətbuat işçilərinə qayğı hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir, media sahəsində çalışanların əməyi qiymətləndirilir, onların sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri görüşün təşkilinə, onların əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda mətbuat nümayəndələrinə mükafatlar təqdim olundu.