Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul etdi

31 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 31-də Xidmətin Şəki rayon şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etdi.
Ümumilikdə, 25-dək vətəndaşın iştirak etdiyi qəbulda Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlər üstünlük təşkil edirdi. Vətəndaşlar, həmçinin “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri və digər məsələlərlə də bağlı müraciətlər etdilər.
Xidmətin rəisi Arzu Rəhimov qəbulda iştirak edən vətəndaşları diqqətlə dinlədi, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlərini verdi.
Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapdı. Eyni zamanda, vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alındı.
Vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər.

Keçidlər