Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiyanın iştirakçıları Şəkidə

02 avqust 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ölkəmizin şimal-qərb bölgəsinə ekskursiya edən Quba məktəbliləri İsmayıllı və Qəbələ rayonlarının tarixi-mədəniyyət abidələri, görməli yerləri ilə tanışlıqdan sonra avqustun 2-də axşam saatlarında Şəkiyə gəldilər.
Tur-aksiyanın iştirakçılarını Heydər Əliyev Mərkəzinin qarşısında şəhər icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri mehribanlıqla qarşıladılar.
Quba məktəblilərinə Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verildi. Diqqətə çatdırıldı ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən artıq yaşı vardır. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, həm də, dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur. Bildirildi ki, Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi vardır. Burada turizmin inkişaf etdirilməsi üçün çox əlverişli coğrafi şərait və infrastruktur mövcuddur. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qrupun rəhbəri Mehparə Rüstəmova Quba məktəblilərinin Şəkinin tarixi məkanlarına, xüsusilə Şəki xanlarının sarayına, Kiş kəndindəki qədim alban məbədinə ekskursiyaları böyük səbirsizliklə gözlədiklərini diqqətə çatdırdı.
Səfər proqramına uyğun olaraq Quba məktəbliləri avqustun 3-də Şəkinin qədim tarixi abidələri, muzeyləri, görməli yerləri ilə tanış olacaqlar.

Keçidlər