Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydaları izah edildi

04 avqust 2014 | 15:00

Avqustun 4-də Şəki şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydalarına dair məlumatlandırma tədbiri keçirildi.
Tədbirdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən işəgötürənlərin rəhbər və kadrlar üzrə vəzifəli şəxsləri iştirak edirdilər.
Seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin sosial-hüquqi məsələlər üzrə nəzarət sektorunun müdiri Tərlan Mürsəlovun mövzu ilə bağlı məlumatı dinlənildi. Bildirildi ki, 2013-cü il dekabrın 27-də qəbul edilmiş “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun və bu sənədin tətbiqi ilə bağlı Azərbaycan Prezidentinin 2014-cü il fevralın 3-də imzaladığı Fərman işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət edir.
Qeyd olundu ki, sözügedən Fərmanın icrası istiqamətində ƏƏSMN tərəfindən mühüm islahat tədbirləri həyata keçirilir, rayonlarda fəaliyyət göstərən işəgötürənlərin məlumatlandırılması diqqət mərkəzində saxlanılır.
Seminarda ƏƏSMN-in əməkdaşları təqdimatlar əsasında əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi qaydaları haqqında ətraflı məlumat verdilər. Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işəgötürənə məlumat verilməsi prosedurları, əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları monitorda əyani şəkildə nümayiş etdirildi.
Tədbir iştirakçılarına bildirişlərin “Elektron hökumət” portalı üzərindən (https”//www.e-gov.az) sistemə daxil edilməsi üçün zəruri olan gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması, yeni sistemdə məlumatların təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər barədə ətraflı məlumatlar verildi.
Qeyd olundu ki, bu islahat tədbiri nəticəsində qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün əsas formalaşacaqdır.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər