Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Regional Debat Mərkəzi açılmışdır

04 noyabr 2012 | 16:00

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən noyabrın 3-də Şəki şəhərində Regional Debat Mərkəzi açılmışdır.
Açılış mərasimində şəhər icra hakimiyyətinin, gənclər və idman idarəsinin məsul nümayəndələri, təhsil işçiləri, şəhərdə fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və məktəbliləri iştirak etmişlər.
Tədbirdə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) sədri Seymur Hüseynov və şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək yeni yaradılan qurumun məqsəd və məramı, fəaliyyət istiqamətləri barədə məlumat vermişlər.
Bildirilmişdir ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 1998-ci ildə “Debat” təhsil proqramı kimi fəaliyyətə başlamışdır. Qurum 2001-ci ildən İctimai Birlik kimi fəaliyyət göstərir. Birliyin məqsədi müxtəlif xidmətlərin göstərilməsi və təşəbbüslərin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsinə nail olmaqdır. İctimai Birlik özündə respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 65 orta və 31 ali məktəbi birləşdirir. Fəaliyyəti dövründə qurum 70-ə yaxın debat yarışı, 250-dən artıq təlim, seminar, həmçinin, 30 “yay məktəbi” təşkil etmişdir. Bu tədbirlərdə 22 mindən artıq gənc iştirak etmişdir.
Qeyd olunmuşdur ki, İctimai Birlik artıq dörd ilə yaxındır ki, Şəki gəncləri ilə sıx əməkdaşlıq edir, onların maariflənməsi, fəallığının yüksəlməsi, fərdi və peşəkar cəhətdən inkişaf etməsi məqsədi ilə silsilə tədbirlər təşkil edir. Şəhər gənclər və idman idarəsinin təşəbbüsü ilə yaradılmış Şəki Debat Klubu indiyədək şimal-qərb regionunu əhatə edən bir sıra layihələr həyata keçirmiş, təlimlər təşkil etmişdir. Tədbirlər zamanı iştirakçılara debat metodologiyası, arqumentləşdirmə, tənqidi təfəkkür, kreativ düşüncə, komanda ruhu kimi bilik, bacarıq və dəyərlər aşılanmışdır.
Diqqətə çatdırılmışdır ki, yeni yaradılan Regional Debat Mərkəzi şimal-qərb bölgəsinin gənclərinə mütəmadi olaraq debat, natiqlik məharəti, idarəetmə, karyera, liderlik və digər mövzularda təlimlərin keçirilməsini təmin edəcək, həmçinin, bu bölgəni əhatə edəcək Regional Gənclər Debat Forumlarının təşkilatçısı olacaqdır. İlk belə Forumun noyabrın 24-25-də keçirilməsi nəzərdə tutulur.
Qurumun sədri bildirmişdir ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi Gənclər və İdman Nazirliyi ilə birgə “Respublika Gənclər Debat Forumu-2012/2013” layihəsinə start vermişdir. Layihəyə uyğun olaraq 2013-cü ilin fevralınadək gənclər üçün silsilə təlim və debatların keçirilməsi planlaşdırılır.
Açılış mərasimindən sonra Şəki Regional Debat Mərkəzində ilk təlimlər başlamışdır.
 

Keçidlər