“Şəki-İpək” ASC yüngül sənaye sahəsinin inkişafına öz töhfəsini verir
Bölgənin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq yüngül sənaye sahəsinin inkişaf etdirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir.
Səhmdar Cəmiyyətdən bildiriblər ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi müəssisənin qarşısında yeni vəzifələr qoyub. Bu vəzifələrə uyğun olaraq daha keyfiyyətli və yüksək standartlara uyğun məhsulların istehsalına diqqət artırılıb.
2014-cü ilin birinci yarısında müəssisədə bütün istehsal sahələri üzrə 1 milyon 591 min manatlıq məhsul istehsal olunub. Həmin müddətdə məhsul satışının ümumi həcmi isə 1 milyon 562 min manat təşkil edib.
Birinci yarımillikdə müəssisədə 268 min kvadratmetr ipək, 214 min kvadratmetr pambıq parça, həmçinin 9,4 ton burulmuş ipək sap, 1207 ton pambıq ipliyi istehsal olunub. Hesabat dövründə müəssisənin xalça istehsalatında 86 kvadratmetr ölçüdə ipək xalça toxunulub. Bundan əlavə, müəssisənin boyaq-bəzək istehsalatında 106 min ədədə yaxın bişmiş və 2606 ədəd rəngli kəlağayı, 2640 ədəd saçaqlı şərf, 35 min 940 dəst kip şal və digər toxuculuq məhsulları istehsal olunub. Müəssisədə istehsal edilən məhsullar satış üçün yerli alıcılarla yanaşı, İran və Rusiya bazarlarına da göndərilir.