Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiyanın iştirakçıları qədim Şəkidə

12 avqust 2014 | 15:00

Dövlətimizin başçısının tapşırıq və tövsiyəsi ilə avqustun əvvəlində başlanılan, gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsir göstərən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Qobustan və Hacıqabul rayonlarının məktəbliləri respublikamızın şimal-qərb bölgəsinə səfər proqramına uyğun olaraq avqustun 11-də axşam saatlarında qədim Şəki diyarına gəldilər.
Tur-aksiyanın iştirakçılarını Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında şəhər icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri səmimiyyətlə qarşıladılar.
Bir gün əvvəl başlanan səfər çərçivəsində artıq İsmayıllı və Qəbələ rayonlarının qədim tarixi məkanları, görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə edən məktəblilər çox şən görünürdülər. Hiss olunurdu ki, onlar bu səyahətdən olduqca məmnundurlar.
Məktəblilərə ipəkçilik diyarı kimi tanınan qədim Şəkinin tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verildi. Diqqətə çatdırıldı ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur.
Tur-aksiyanın bütün iştirakçılarına son illərdə Şəkinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olundu.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri bu layihənin məktəblilərin dünyagörüşlərinin daha da zənginləşməsinə, ölkə gənclərinin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə olduğunu diqqətə çatdırdılar.
Olimpiya İdman Kompleksinin otel və kotteclərində yerləşən məktəblilər avqustun 12-də Şəkinin qədim tarixi məkanlarına ekskursiya edəcək, muzeylərə baş çəkəcək, şəhərin görməli yerləri ilə tanış olacaqlar.

Keçidlər