Şəkinin tarixi məkanlarına ekskursiyalar təşkil ediləcək
“Ölkəmizi tanıyaq” tur-aksiyasına böyük həvəslə qoşulan Sabirabad və Saatlı rayonlarının məktəbliləri respublikamızın şimal-qərb bölgəsinə səfər proqramına uyğun olaraq İsmayıllı və Qəbələ rayonlarının tarixi məkanları ilə tanışlıqdan sonra avqustun 14-də axşam saatlarında ipəkçilik diyarı kimi tanınan qədim Şəkiyə gəldilər.
Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılanan tur-aksiyanın iştirakçılarına Şəkinin qədim tarixi, mədəniyyəti, dünyada məşhur olan memarlıq abidələri barədə qısa məlumat verildi. Bildirildi ki, Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin çox zəngin tarixi vardır. Bu şəhərdə inşa edilən qədim karvansaraylar, qalalar, məscid və məbədlər, dünya və ölkə əhəmiyyətli memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Tur-aksiyanın bütün iştirakçılarına Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olundu.
İsmayıllı və Qəbələ rayonları ilə tanışlıqlarının onlarda xoş təəssürat yaratdığını məmnunluqla qeyd edən aksiya iştirakçıları Şəkinin tarixi məkanlarına ekskursiyaları da böyük səbirsizliklə gözlədiklərini bildirdilər.
Şəki Olimpiya İdman Kompleksinin otel və kotteclərində yerləşən məktəblilərin asudə vaxtlarının mənalı keçməsi üçün oteldə müxtəlif əyləncəli proqramların, intellektual oyunların keçirilməsi nəzərdə tutulub.