Bu tur-aksiya şagirdlərin hərtərəfli inkişafına müsbət təsir göstərəcək
Dövlətimizin başçısının təşəbbüsü ilə başlanan bu tur-aksiya çox gözəl layihədir və Sabirabad məktəbliləri tərəfindən də böyük rəğbətlə qarşılanır. Avqustun 13-də və 14-də ölkəmizin dilbər guşələrindən olan İsmayıllı və Qəbələdə olduq. Hazırda Şəki şəhərindəyik. Sözün həqiqi mənasında, bütün regionlarımız, o cümlədən Şəki şəhəri gündən-günə inkişaf edir, gözəlləşir. Bu ondan irəli gəlir ki, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə qəbul olunmuş regional inkişaf proqramları hər yerdə uğurla icra olunur, abadlıq-quruculuq işləri çox yüksək səviyyədə gedir. Marşrut boyu biz bu inkişafı müşahidə etdik.
Bu sözləri Sabirabad rayonundan gələn qrupun rəhbəri Şalı Həsənov Şəkidə olarkən müsahibəsində deyib.
Qrupun rəhbəri bildirib ki, heç şübhəsiz, bu layihə şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin daha da zənginləşməsinə çox böyük töhfə verəcəkdir. Bütün ölkə gəncləri kimi, Sabirabad məktəbliləri də böyük əhəmiyyəti olan bu tur-aksiyaya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.