Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə təbiət gözəllikləri ilə qədim tarixi abidələr vəhdət təşkil edir

15 avqust 2014 | 15:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Saatlı və Sabirabaddan olan iştirakçıları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində avqustun 15-də Şəkinin tarixi abidələri və görməli yerləri ilə tanış oldular.
Səfər proqramına uyğun olaraq məktəblilər əvvəlcə onlar üçün ayrılmış xüsusi avtobuslarla şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər.
Məlumat verildi ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə vardır. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı suyu”ndan indi də istifadə olunur. Bu ərazidə qədim məhəllə adları indiyədək qorunub saxlanılır.
Qoruğun dəyəri həm də onun Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə tanınmış xadim məhz bu ərazidə doğulub, yaşayıb, yaradıblar. Hazırda bu şəxsiyyətlərin bir çoxunun qoruq ərazisində ev-muzeyləri fəaliyyət göstərir.
Məktəblilər qoruğu əhatələyən Qala divarlarının qarşısında xatirə şəkilləri çəkdirdilər.
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi- Şəki xanlarının sarayı ilə tanışlıq aksiya iştirakçılarında xüsusilə böyük maraq oyatdı. Bildirildi ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayı bəzəyən hər kvadratmetr şəbəkə bir-birinə geydirilən 5 min hissədən ibarətdir.
Məktəblilər ilk dəfə gördükləri sarayın gözəlliyinə heyran qaldıqlarını bildirdilər, abidənin önündə xatirə şəkilləri çəkdirdilər.
Sonra məktəblilər qoruğun ərazisində yerləşən tarix-diyarşünaslıq muzeyinə baş çəkdilər. Məlumat verildi ki, muzeydə 5 minə yaxın eksponat saxlanılır.
Daha sonra qonaqlar qoruğun ərazisində iki il əvvəl xüsusi layihə əsasında quraşdırılan Yay teatrında Şəkinin musiqi kollektivlərinin hazırladıqları maraqlı konsert proqramını izlədilər.
XVIII əsrdə Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da məktəblilər tərəfindən böyük maraqla qarşılandı.
Səfər proqramına uyğun olaraq tur-aksiyanın iştirakçıları günün ikinci yarısında Şəkinin digər tarixi məkanlarına da baş çəkdilər, şəhərin görməli yerləri ilə tanış oldular.

Keçidlər