Gözəlliklər diyarı qədim Şəki tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə başlanılan, ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları müvəffəqiyyətlə davam edir.
Avqustun 17-də Şəki şəhəri tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib. Tarixi-memarlıq abidələri ilə məşhur olan Şəkinin budəfəki qonaqları Beyləqan və İmişli məktəbliləri olublar.
Bir gün əvvəl İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə yola düşən məktəblilər səfərin ilk iki günündə İsmayıllı və Qəbələnin qədim tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Ənənəyə uyğun olaraq, tur-aksiya iştirakçıları Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən mehribanlıqla qarşılandılar. Qonaqlara 2700 ildən çox yaşı olan bu qədim diyarın tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verildi. Aksiya iştirakçılarına Şəki ilə bağlı məlumat kitabçaları hədiyyə olundu.