Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli və Beyləqan məktəbliləri məşhur şəbəkə ustasının emalatxanasında

18 avqust 2014 | 15:00

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən İmişli və Beyləqan məktəbliləri ekskursiyanın növbəti günündə, avqustun 18-də Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış oldular, muzeylərə baş çəkdilər.
      Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq məktəblilərə daha xoş təsir bağışladı. Qonaqların diqqətinə çatdırıldı ki, bu saray XVIII əsrə aid nadir tarix-memarlıq abidəsidir. Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarlar məktəblilərin böyük marağına səbəb oldu.
Tur-aksiyanın iştirakçıları sonra “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər. Məlumat verildi ki, 1925-ci ildən fəaliyyət göstərən bu muzeydə 5 minə yaxın eksponat saxlanılır.
İmişli və Beyləqan məktəblilərindən ibarət qruplar daha sonra qoruğun ərazisində fəaliyyət göstərən “Sənətkarlar evi”nə baş çəkdilər. Onlar burada şəkili sənətkar, məşhur şəbəkə ustası Hüseyn Hacımustafazadənin emalatxanasında oldular. Məktəblilərin diqqətinə çatdırıldı ki, qədim Şəki torpağı əsrlər boyu sənətkarlar məskəni olub. Şəki sənətkarlığından söhbət düşəndə, şübhəsiz, şəbəkə sənəti xüsusi qeyd olunur.
Bu sənətin incəliklərindən bəhs edən usta Hüseyn məlumat verdi ki, şəbəkədə ağacdan hazırlanan ayrı-ayrı hissələr bir-birinə geydirilir və bənd edilir. Bu zaman yapışqan, mismar və digər bərkidici materiallardan istifadə olunmur. Bildirildi ki, şəbəkə Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan sarayındakı pəncərə şəbəkələrinin hər kvadratmetrinə 14 min detal hissə və rəngli şüşə düşür. Vurğulandı ki, usta Hüseyn özü Şəki xanları sarayının bərpasında yaxından iştirak edib.
Məktəblilər şəbəkə ustasının hazırladığı əl işlərinə böyük heyranlıqla tamaşa etdilər.
Sonra məktəblilər qoruğun ərazisindəki Yay teatrında şəhər mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi maraqlı konsert proqramını izlədilər, doyunca rəqs edib əyləndilər.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da İmişli və Beyləqan məktəblilərinin ürəyincə oldu. Bildirildi ki, Şərq memarlığı üslubunda tikilən bu tarixi abidə hazırda mehmanxana kimi fəaliyyət göstərir.
Məktəblilər həmin gün Şəkinin digər tarixi yerlərinə də baş çəkdilər, şəhərin görməli yerləri ilə tanış oldular.

Keçidlər