Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin tarixi yerləri ziyarət olunacaq

21 avqust 2014 | 15:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağcabədi və Zərdab rayonlarının məktəblilərindən ibarət qruplar ölkəmizin şimal-qərb bölgəsinə ekskursiyaları çərçivəsində İsmayıllı və Qəbələ rayonlarının tarixi məkanları və görməli yerləri ilə tanışlıqdan sonra avqustun 20-də axşam saatlarında Şəki şəhərinə gəldilər.
Ənənəyə uyğun olaraq, tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən mehribanlıqla qarşılandılar.
Qonaqlara Şəkinin tarixi, mədəniyyəti və turizm potensialı barədə qısa məlumat verildi. Diqqətə çatdırıldı ki, Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biridir. İki il əvvəl Şəki şəhərinin 2700 illiyi böyük təntənələrlə qeyd olunub. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri ilə məşhur olan Şəki, həm də ölkəmizin mühüm turizm mərkəzlərindən biridir. Ötən il bu diyara 100 minə yaxın yerli və xarici turist gəlib. Hazırda Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi vardır.
Tur-aksiyanın bütün iştirakçılarına son illər Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olundu.
Ağcabədi və Zərdab məktəblilərini avqustun 21-də Şəkinin tarixi yerlərinə maraqlı ekskursiyalar gözləyir.

Keçidlər