Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim və müasir Şəki ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaratdı

22 avqust 2014 | 15:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən Ağcabədi və Zərdab rayonlarının məktəbliləri avqustun 21-də qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış oldular.
Səfər proqramına uyğun olaraq məktəblilər onlar üçün ayrılmış xüsusi avtobuslarla şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər. Qoruğu əhatələyən əzəmətli qala divarları- Narınqala məktəblilərin böyük marağına səbəb oldu. Məlumat verildi ki, qala divarlarının Çələbi xanın dövründə, təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal olunur.
Tur-aksiyanın iştirakçıları qala divarlarının qarşısında xatirə şəkilləri çəkdirdilər.
Qoruğun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırıldı ki, bu saray XVIII əsrə aid nadir tarix-memarlıq abidəsidir. 1761-1762-ci illərdə inşa edilən sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları məktəblilərin böyük marağına səbəb oldu. Bildirildi ki, bu çinarlardan ən böyüyünün hündürlüyü 42, gövdəsinin diametri isə 13,5 metrdir.
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları bu ərazidə yerləşən Yay teatrına gəldilər. Şəhər mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi maraqlı konsert proqramı məktəblilərdə xoş əhval-ruhiyyə yaratdı. Onlar doyunca rəqs edib əyləndilər.
Səfər proqramına uyğun olaraq Ağcabədi və Zərdab məktəbliləri daha sonra XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış oldular, Şəkinin digər tarixi məkanlarına baş çəkdilər, görməli yerlərini gəzdilər.
Qədim və müasir Şəki ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaratdı.

Keçidlər