Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir və Tərtər məktəbliləri ekskursiyalarını qədim Şəkidə davam etdirəcəklər

23 avqust 2014 | 15:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulan Kürdəmir və Tərtər məktəbliləri respublikamızın şimal-qərb bölgəsinə səfər proqramına uyğun olaraq avqustun 23-də axşam saatlarında Şəkiyə gəldilər.
Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılanan tur-aksiya iştirakçılarına Şəkinin tarixi, mədəniyyəti, coğrafi mövqeyi barədə qısa məlumat verildi. Bildirildi ki, Şəki qədim tariximizin bütün mərhələlərini özündə birləşdirən bənzərsiz diyardır. 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur.
Tur-aksiyanın bütün iştirakçılarına son illərdə Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olundu.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri bu ekskursiyanın məktəblilərin yaddaşına əbədi həkk olunacağını vurğuladılar. Qeyd olundu ki, hər iki rayonun məktəbliləri bu səyahətdən olduqca məmnundurlar. Vətənimizin dilbər guşələri, qədim yaşayış məskənləri, tarixi yerləri ilə tanışlıq onların çoxdankı arzusu idi. Prezident İlham Əliyevin tapşırığı ilə gerçəkləşən layihə sayəsində məktəblilərin bu arzusu artıq reallığa çevrilib. Diqqətə çatdırıldı ki, səfər çərçivəsində İsmayıllı və Qəbələ rayonlarının gəzməli, görməli yerləri ilə tanış olan Kürdəmir və Tərtər məktəbliləri Şəkinin tarixi məkanlarına ekskursiyaları da böyük maraqla gözləyirlər.

Keçidlər