Yurdumuzu yaxından tanımaq biz gənclər üçün çox vacibdir
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyada iştirak edən Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Leyla Cəbrayılova müsahibəsində bu layihəni yüksək qiymətləndirdi.
Bildirdi ki, tur-aksiya çox uğurlu layihədir və biz gənclərin ürəyincədir. Adından da göründüyü kimi, layihənin əsas məqsədi Azərbaycanın gündən- günə gözəlləşən bölgələrini, qədim tarixi məkanlarını görmək və tanımaqdır. Məhz bu layihə əsasında indi biz məktəblilər ölkəmizin hər bir guşəsini qarış-qarış gəzir, tarixi abidələrlə, muzeylərlə yaxından tanış olur, rayonlarda gedən inkişafın canlı şahidinə çevrilirik. Ölkəmizi tanımaq həm də ona görə əhəmiyyətlidir ki, biz gənclər gələcəkdə Azərbaycanı onun hüdudlarından kənarda daha yaxşı təbliğ edə bilək. Şübhəsiz ki, ekskursiyadan aldığımız təəssürat yaddaşımızda əbədi olaraq qalacaqdır.
Səfərlə bağlı təəssüratlarını bölüşən Kürdəmir məktəblisi daha sonra dedi: “Ekskursiyamız həqiqətən də çox maraqlı keçir. Təşkilatçılıq yüksək səviyyədədir. İsmayıllı və Qəbələ rayonlarına səfərimiz artıq başa çatıb. Vətənimizin tarixi ilə bağlı çoxlu yeni məlumatlar əldə etmişik. Şəkinin tarixi yerləri ilə tanışlıqdan sonra bu bölgə ilə bağlı biliyimiz daha da zənginləşəcək. Fürsətdən istifadə edib, biz gənclərə belə bir imkan yaratdığına görə Kürdəmir məktəbliləri adından Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.