Şəki məktəblilərini ölkənin şimal bölgəsində maraqlı ekskursiyalar gözləyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətləri bir aya yaxındır ki, müvəffəqiyyətlə davam edir.
Avqustun 28-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya yeni qoşulan Şəki məktəblilərinin ölkənin şimal bölgəsinə yola salınması mərasimi keçirildi.
Tur-aksiya iştirakçılarının, müəllim və valideynlərin iştirak etdikləri mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bir aya yaxındır ki, davam edən aksiyanın əhəmiyyətindən danışdı. Bildirildi ki, layihənin əsas məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaq, onlarda vətənpərvərlik hislərinin artırılmasına nail olmaqdır.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində üç istiqamətdə – Quba, Şəki və Gəncə şəhərləri və ətraf rayonlara ekskursiya turları təşkil olunur. Qrafikə uyğun olaraq avqustun əvvəlindən indiyədək respublikamızın 13 şəhər və rayonunun məktəbliləri Şəkidə ekskursiyada olublar. Bu gün isə Şəki məktəbliləri də artıq bu aksiyanın iştirakçılarına çevrilirlər. Rayonun məktəblərindən seçilən ən fəal 40 nəfər şagird dörd gün ərzində ölkəmizin şimal bölgəsinin tarixi məkanları ilə yaxından tanış olacaq, muzeylərə baş çəkəcək, görməli yerlərini gəzəcəklər. Şübhəsiz, bu səyahət şagirdlərin ölkəmiz haqqında biliklərinin daha da zənginləşməsinə öz müsbət təsirini göstərəcək.
Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, tur-aksiyanın qrup rəhbəri, şəhərdəki 10 nömrəli tam orta məktəbin müəllimi Xatirə Əliyeva çıxış edərək məktəblilərə son tapşırıq və tövsiyələrini verdilər.
Məktəblilərdən Oqtay Mustafayev, Şəfəq Əzimova və başqaları tur-aksiyada iştirak etmələrindən qürur hissi keçirdiklərini ifadə edərək, gənclərə belə gözəl layihə bəxş etdiyinə görə Şəki məktəbliləri adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşərək Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşdülər.