Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqaz motofestivalının açılış mərasimi maraqlı tədbirlərlə yadda qalıb

29 avqust 2014 | 15:00

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü münasibətilə Şəkidə başlanan Qafqaz motofestivalı bir-birindən maraqlı tədbirlərlə iştirakçılara xoş anlar yaşadıb.
Tədbirin proqramına uyğun olaraq avqustun 29-da axşam şəhər stadionunda çövkən milli oyunu üzrə yarış keçirilib. Baykerlərin stadiona gəlişi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonra festival iştirakçıları yerli komandaların iştirakı ilə çövkən milli oyununu izləyiblər.
Xatırladaq ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri Maddi-Mədəni İrs Siyahısına daxil edilib.
Fasilə zamanı motosikletçilərin nümayiş etdirdikləri təhlükəli nömrələr tamaşaçılara həyəcanlı anlar yaşadıb.
Daha sonra “Aşağı Karvansaray” kompleksində festivalın rəsmi açılışı olub.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrildiyini vurğulayıblar. Bildirilib ki, festivalın açılış mərasiminin Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf etməsi xüsusilə əlamətdardır.
Açılış mərasimi şou-əyləncəli proqramla yadda qalıb.
“Natiq ritm qrupu”nun təqdim etdiyi möhtəşəm konsert proqramı, baykerlərlə birgə ifa etdikləri qeyri-adi ritmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festivalın açılış mərasimi maraqlı konsert proqramı və diskoteka ilə gecə saatlarınadək davam edib.

Keçidlər