Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Kreativ Gənclər Şəbəkəsi” layihəsinin təqdimatı keçirilmişdir

12 noyabr 2012 | 16:00

Noyabrın 11-də Şəki şəhərində Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Respublika Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Kreativ Gənclər Şəbəkəsi” layihəsinin təqdimatı olmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında keçirilən tədbirdə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərindən seçilmiş 14-29 yaş arası 150 nəfərədək fəal gənc iştirak etmişdir.
Şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov və Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan bu layihənin əsas məqsədi paytaxt və region gənclərini maarifləndirmək, onlarla fikir mübadiləsi aparmaq, kreativ gəncləri üzə çıxarmaqdır.
Diqqətə çatdırılmışdır ki, layihənin icrası nəticəsində gənclərdə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” ilə bağlı ilkin məlumat formalaşacaq, kreativ və fəal gənclər seçiləcək, onların Dövlət Proqramının icrası ilə bağlı təşəbbüsləri, rəy və təklifləri müzakirə olunacaqdır.
Layihənin təqdimatından sonra iştirakçılar 4 qrupa bölünərək ayrı-ayrı auditoriyalarda təlimlər keçmişlər. Təlimlərin sonunda gənclərə sertifikatlar təqdim olunmuşdur.

 

Keçidlər