Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiyanın iştirakçıları festivallar şəhəri Şəkidə

02 sentyabr 2014 | 15:00

Qədim sivilizasiyalar diyarı Şəki ilin bütün fəsillərində qapılarını böyük səxavətlə yerli və xarici qonaqların üzünə açır. Qaynar avqustun son günlərini Qafqaz motofestivalının səsli-küylü tədbirləri ilə, baykerlərin həyəcan dolu çıxışları, motorların gurultusu ilə yola salan bu qədim şəhərin sentyabrın ilk günündə birinci qonaqları da məhz “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Ağdaş və Goranboy rayonlarının məktəbliləri oldular.
Ənənəyə uyğun olaraq tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılandılar.
Bir gün əvvəl başlanan səfər çərçivəsində artıq İsmayıllı və Qəbələ rayonlarının tarixi məkanları, görməli yerləri ilə tanış olan məktəblilər ekskursiyadan olduqca məmnun görünürdülər. Bu məmnunluq onların şən əhval-ruhiyyəsindən, sevinc dolu baxışlarından açıq-aydın hiss olunurdu. Bu sevinci isə onlara Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bu möhtəşəm tur-aksiya bəxş edib.
Qonaqlara Şəkinin tarixi, mədəniyyəti, coğrafi mövqeyi barədə qısa məlumat verildi. Diqqətə çatdırıldı ki, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri ilə məşhur olan bu şəhər ölkəmizin mühüm turizm mərkəzlərindən biri olmaqla yanaşı, həm də beynəlxalq tədbirlərin, festivalların keçirildiyi bir məkandır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Elə bu günlərdə Şəki ilk Qafqaz motofestivalına ev sahibliyi edib.
Tur-aksiyanın iştirakçılarına son illər Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olundu.
Ağdaş və Goranboy məktəbliləri sentyabrın 2-də Şəkinin tarixi məkanları ilə tanış olacaqlar.

Keçidlər