Azərbaycanın hər bir guşəsinin özünəməxsus gözəlliyi vardır
Biz, Qazax məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu layihədə iştirak etməkdən qürur duyuruq. Respublikamızın şimal-qərb bölgəsinə səfər çərçivəsində artıq İsmayıllı və Qəbələ rayonlarının təbiəti və tarixi abidələri ilə yaxından tanış olmuşuq. Hazırda qədim və gözəl Şəkidəyik. Vətənimizin hər bir guşəsinin özünəməxsus gözəlliyi vardır.
Bu fikirləri tur-aksiyanın iştirakçısı, Qazax rayonunun Daş Salahlı kənd tam orta məktəbinin şagirdi Reyhan Bayramova AzərTAc-a müsahibəsində bildirib.
Səfərlə bağlı təəssüratlarını bölüşən Qazax məktəblisi daha sonra deyib: “Mən Şəkidə heç vaxt olmamışam. Qədim tarixə malik olan bu diyar haqqında kitablar vasitəsilə xeyli məlumat almışam. Ancaq indi öz gözlərimlə gördüm. Buranın təbiəti insana qeyri-adi stimul verir. Hər kəsə bura gəlməyi və bu gözəl yerləri görməyi məsləhət görərdim. Həqiqətən Azərbaycanın bütün guşələri gözəldir. Ulu Öndərimizin dediyi kimi: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”.