Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin təhsil işçiləri yeni dərs ilini yüksək əhvali- ruhiyyə ilə qarşılayırlar

10 sentyabr 2014 | 15:00

Sentyabrın 9-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi.
Şəhər rəhbərliyinin, qabaqcıl təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb. Sonra şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılovanın “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr haqqında” hesabat məruzəsi dinlənilib.
Bildirilib ki, son illər ölkə iqtisadiyyatının dinamik inkişafı təhsil sahəsinin inkişafı üçün də əlverişli şərait yaradıb, Azərbaycan təhsili özünün yeni inkişaf dövrünə qadəm qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri olan təhsilin yeniləşdirilməsi, müasirləşdirilməsi, dünya təhsil məkanına inteqrasiya edilməsi sahəsində mühüm addımlar atılıb.
Qeyd olunub ki, Şəki rayonunun təhsil işçiləri də ötən dərs ilində gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan və hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi sahəsində üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetiriblər.
Diqqətə çatdırılb ki, 2013-2014-cü dərs ilində Şəki rayonunun 98 ümumtəhsil məktəbində 22911 şagird təhsil alıb. Tədris ilində 72 şagird respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak edib, onlardan 37 nəfəri qalib adını qazınıb. “İNEPO-Avrasiya” ətraf mühitin mühafizəsi VIII Beynəlxalq layihə olimpiadasında 45 ölkədən təqdim olunmuş 700 layihədən finalda təmsil olunan 78 işdən 4-ü Şəki məktəblilərinin layihəsi olub. Olimpiadanın yekununda Şəki məktəbliləri bir gümüş medala və 3 sertifikata layiq görülüblər.
Bildirilib ki, ötən tədris ilində Şəkinin ümumtəhsil məktəblərini 1682 şagird bitirib. Məzunlardan 19 nəfəri “qızıl medal”a layiq görülüb. Ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1130 məzundan 682 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 135 nəfəri 500-dən, o cümlədən 40 nəfəri 600 baldan yuxarı nəticə göstərib.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunan məruzəçi son 3 ildə rayonda 20 yeni məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu, hazırda 5 məktəb binasının tikintisinin davam etdirildiyini, bu məktəblərdən 4-nün yeni dərs ilində istifadəyə veriləcəyini diqqətə çatdırıb.
Konfransda şəhərdəki 18 nömrəli tam orta məktəbin “qızıl medal”lı məzunu, qəbul imtahanlarında Şəki rayonu üzrə hamıdan çox – 695 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat fakultəsinə daxil olan Selcan Qaffarlı çıxış edərək gənclərə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə Şəki gəncləri adından minnətdarlığını bildirib.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov çıxış edərək rayonun təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulayıb.
Şəkinin təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Konfransdan sonra şəhər rəhbərliyi və Təhsil Nazirliyinin nümayəndəsi Şəki şəhər təhsil şöbəsinin yeni inzibati binasına baxış keçiriblər. Müasir standartlara uyğun inşa olunan üçmərtəbəli binada 33 xidməti otaq, akt zalı və yardımçı otaqlar fəaliyyət göstərir.

Keçidlər