İnanırıq ki, beynəlxalq teatr festivalı Şəkinin mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Bu gün Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə növbəti böyük tədbir – birinci Beynəlxalq teatr festivalı başlayır.
Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu teatr bayramı sentyabrın 19-dək davam edəcək. İnanırıq ki, bu festival da Şəkinin mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.
Bu sözləri Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova AzərTAc-a müsahibəsində bildirib.
Festivala hazırlıq işləri barədə məlumat verən Z.Cavadova daha sonra deyib: “Festivalın əsas məqsədi Azərbaycan teatr sənətinin daha da inkişaf etdirilməsini, bu sahə üzrə qəbul edilmiş Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməkdir. Festival günlərində ölkəmizin 12 teatr kollektivi, eyni zamanda, xarici ölkələrdən gəlmiş kollektivlər öz tamaşalarını Şəki teatrsevərlərinə təqdim edəcəklər. Festivalın bağlanış günündə, yəni sentyabrın 19-da biz, həm də, görkəmli gülüş ustası, həmyerlimiz Lütvəli Abdullayevin 100 illiyini təntənə ilə qeyd edəcəyik. Fürsətdən istifadə edib şəkililəri, şəhərin qonaqlarını, bütün teatrsevərləri festivalda yaxından iştirak etməyə dəvət edirəm”.