Şəkidə I Beynəlxalq teatr festivalı başladı
Sentyabrın 10-da Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Şəki I Beynəlxalq teatr festivalınin təntənəli açılış mərasimi oldu. Həmin gün həmçinin Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün açılışı keçirildi.
Mərasimdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, festivala dəvət olunmuş qonaqlar, tanınmış teatr və incəsənət xadimləri ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binası önündə ucaldılmış abidəsi önünə gül-çiçək düzdülər, dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Sonra festivalın təşkilatçı qurumlarının rəhbərləri və qonaqlar mərasimin keçirildiyi Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının foyesində kamera ansamblının ifasında həzin musiqi sədaları altında görkəmli gülüş ustası Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan və Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgilərlə tanış oldular.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri açılış mərasiminin rəsmi hissəsində əvvəlcə son illər teatrların maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edən film nümayiş etdirildi.
Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan teatrının keçdiyi tarixi yola qısa nəzər saldı, son illər teatrlarımızın qazandıqları uğurlar barədə danışdı. Nazir bildirdi ki, bu gün ilk dəfə olaraq yeni teatr mövsümü Şəkidə açılır. 142 illik tarixi olan Azərbaycan teatrının tarixində yeni bir dövr başlanır. XXI əsrin teatrının düşüncəsi, qüdrəti və qüvvəsi insanlarla bağlıdır. O insanlarla ki, Azərbaycan teatrının inkişafı yolunda özlərini fəda edirlər, öz istedad və bacarıqlarını əsirgəmirlər. Sözsüz ki, bu teatr fədailəri Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki tarixi xidmətlərini, gördüyü işləri yüksək qiymətləndirərək, bu qayğıdan bəhrələnərək teatrın inkişafına öz töhfələrini verirlər.
Ə.Qarayev bildirdi ki, bu gün bəlkə də bir neçə il öncə ağlımıza belə gəlməyən bir layihənin gerçəkləşməsində iştirak edirik. Şəkidə I Beynəlxalq teatr festivalı başlayır. Teatr binasının yenidən qurularaq belə gözəl görkəm almasında, həmçinin teatrın inkişafında əməyi olan bütün insanlara təşəkkürünü bildirən nazir bu teatrda hələ bir çox layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə etdi. Vurğuladı ki, şübhəsiz teatrın qapıları həmişə nəinki Şəki sakinlərinin, eləcə də bütün regionun teatrsevərlərinin üzünə açıq olacaq.
Ə.Qarayev dedi: “Son illər Azərbaycanda teatr anlayışı o qədər tanınıb, tamaşaçılar tərəfindən qəbul olunub ki, artıq tamaşaçıların da tələbatı və maraqları haqqında düşünülür. Son 8 ildə respublikamızın teatrlarında 750-dən çox yeni tamaşalar səhnələşdirilib və ya bərpa olunub. Son 5 ildə Azərbaycan teatrları 20-dən artıq ölkədə öz tamaşalarını nümayiş etdirməyə müvəffəq olublar, yəni Azərbaycan teatrını təbliğ ediblər. Bu, çox yaxşı haldır. Hazırda teatrlarımızda dünyanın bir çox ölkələrinin tanınmış teatr xadimləri, rejissorlar, aktyorlar, rəssamlar fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan teatrının yeni nəsli müxtəlif aparıcı teatrlarda təhsil alırlar”.
Nazir bildirdi ki, bu gün biz artıq teatrların yeni binası haqqında deyil, yeni dünyası, müasir dövrün müasir teatrları haqqında düşünürük, danışırıq. Çox sevindirici haldır ki, bu gün bu proses nəinki Azərbaycanın paytaxtında, eləcə də bütün bölgələrdə özünü büruzə verməkdədir.
Ə.Qarayev çıxışının sonunda yeni teatr mövsümünün bütün teatrlar üçün uğurlu olacağına, çox maraqlı təqdimatların keçiriləcəyinə əminliyini bildirdi.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək belə mötəbər tədbirin və festivalın Şəkidə keçirilməsinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə şəhər sakinləri, teatrsevərlər adından minnətdarlığını bildirdi. Vurğuladı ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib. Bu festival cari il Şəkidə keçirilən sayca 4-cü beynəlxalq festivaldır.
İcra başçısı bildirdi ki, son illər respublikamızın hər yerində olduğu kimi, Şəkidə də sənət ocaqlarının, tarixi abidələrin bərpasına yüksək diqqət və qayğı göstərilir. Tədbirin keçirildiyi, əsaslı şəkildə yenidən qurularaq 2013-cü ildə istifadəyə verilən bu yaraşıqlı teatr binası da məhz Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə, teatrın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. İcra başçısı bu qayğıya görə dövlətimizin başçısına, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya şəkililər və sənətsevərlər adından minnətdarlığını bildirdi.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın rəmzi açılışını bildirən lenti kəsdilər.
Rəsmi açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını – İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsəri əsasında hazırlanan tamaşanı təqdim etdilər. Görkəmli dramaturqun 100 illiyinə həsr olunan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbovdur. Tamaşada əsas rolları Rəhim Qocayev, Çinarə Səmədova, Səlim Babayev, Xanlar Həşimzadə, Əməkdar artistlər Əbülfət Salahov, İqrar Salamov və başqaları ifa etdilər.
Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olundu.