Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq festivalda Kalmıkiya Milli Dram Teatrının tamaşası maraqla qarşılanıb

12 sentyabr 2014 | 15:00

Birinci Şəki Beynəlxalq teatr festivalının ikinci günündə tamaşaçılara Rusiya Federasiyası Kalmıkiya Respublikasının Milli Dram Teatrının hazırladığı Boris Mançiyevin “Mən aktrisayam” tamaşası təqdim olunub.
Birpərdəli tamaşa görkəmli kalmık aktrisa və müğənnisi Ulan Lidjiyevanın həyat və yaradıcılığından bəhs edir. Kalmık incəsənətinin inkişafına böyük töhfələr vermiş bu görkəmli sənətkarın həyatı kalmıklar üçün həmişə nümunə olub. Ulan Lidjiyeva teatr tamaşalarında da bir sıra maraqlı və yaddaqalan obrazlar yaradıb. Onun vaxtilə ifa etdiyi mahnılar indi də sevilə-sevilə dinlənilir, radio və televiziyada səsləndirilir. Hər il onun şərəfinə mahnı müsabiqələri təşkil olunur.
Əsərin müəllifi, Rusiya Federasiyasının və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Mançiyev, eyni zamanda, tamaşanın quruluşçu rejissorudur. Tamaşada Ulan obrazını Kalmıkiya Respublikasının Xalq Artisti Lyubov Lazareva canlandırıb. Ulanın gənclik illərini isə teatrın aktrisası Gilana Şarapova oynayıb.
Şəki şəhəri rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Tamaşanın sonunda teatrın rəhbərinə Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin diplomları təqdim olunub.

Keçidlər