Şriftin ölçüsü :

Saytın rəngi :

Boris Mançiyev: Azərbaycanda mədəniyyətə və incəsənətə dövlət tərəfindən çox yüksək qayğı göstərilir

12 sentyabr 2014 | 15:00

Azərbaycana üçüncü dəfədir səfər edirik. Ümidvarıq ki, gələcəkdə bu səfərlərin sayı daha da artacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə yaxşı əlaqələrimiz vardır. İki dəfə qarşılıqlı qastrol səfərlərimiz olub. Şəkiyə festivalın təşkilatçıları tərəfindən dəvət olunmuşuq. Bu dəvətə görə minnətdarlığımızı bildiririk.
Bu sözləri birinci Şəki Beynəlxalq teatr festivalında iştirak edən Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Mançiyev AzərTAc-a müsahibəsində söyləyib.
Şəkiyə ilk dəfə səfər etdiklərini və bu gəlişdən çox məmnun qaldıqlarını bildirən B.Mançiyev daha sonra deyib: “Şəhəriniz öz gözəlliyi ilə bizi valeh etdi. Bizə məlumat veriləndə ki, Şəkinin 2700 ildən çox yaşı vardır, çox təəccübləndik. Artıq Şəki xanlarının sarayı ilə, karvansaray və muzeylərlə, digər tarixi yerlərlə tanış olmuşuq, şəhərin qədim küçələrini gəzmişik, sakinlərlə görüşmüşük, yəni, Şəki haqqında artıq müəyyən təəssüratımız vardır. Təbii ki, qısa müddət ərzində bu gözəl diyara tam bələd olmaq mümkün deyil. Ümid edirik ki, növbəti səfərlərimizdə şəhərinizlə daha yaxından tanış olacağıq”.
Tamaşa ərəfəsində çox həyəcanlı olduqlarını vurğulayan B.Mançiyev deyib: “Bilirik ki, şəhəriniz teatrla sıx bağlıdır. Şəki teatrının 125 illik tarixi ənənələri vardır. Şəkidən çox məşhur sənətkarlar, aktyorlar çıxıb. 100 illiyi qeyd olunan, bir çox filmlərdən də yaxşı tanıdığımız Lütvəli Abdullayev də məhz bu şəhərdə doğulub”.
Festivalın açılışının son dərəcə maraqlı keçdiyini vurğulayan B.Mançiyev salonun tamaşaçılarla dolu olmasının onları çox sevindirdiyini bildirib. Qonaq deyib: “Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin, şəhər rəhbərliyinin, tanınmış teatr xadimlərinin şəxsən iştirak etməsi çox sevindirici idi. Bütün bunlar onu göstərir ki, Azərbaycan rəhbərliyi mədəniyyətə, incəsənətə böyük önəm verir, qayğı göstərir”.

Keçidlər