Şəkidə informasiya təhlükəsizliyi ilə bağlı bölgə mediasının qarşısında duran vəzifələr müzakirə olunub
Sentyabrın 12-də Şəki şəhərində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” mövzusunda konfrans keçirilib.
Tədbirdə şuranın idarə heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, elektron media resurslarının rəhbərləri, Şəki və ətraf rayonlarda fəaliyyət göstərən qəzetlərin təmsilçiləri iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra media təmsilçiləri görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin ev-muzeyində olub, abidəsini ziyarət ediblər. Toplantı iştirakçıları, həmçinin Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə də tər çiçəklər düzüblər.
“Şəki-Saray” hotelinin konfrans zalında keçirilən toplantını Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq avqustun 29-da dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş müşavirəsinin ölkə həyatında mühüm hadisə kimi yadda qaldığını diqqətə çatdırıb. Bildirilib ki, müşavirədə Prezident Administrasiyasının rəhbərinin qaldırdığı məsələlər, eləcə də açıqladığı konkret faktlar informasiya təhlükəsizliyi məsələsinin təkcə paytaxt KİV-ləri üçün deyil, eyni zamanda, bölgə mətbuatı üçün də aktual tərəflərini ortaya qoyub.
Ə. Amaşov bildirib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müşavirədə qeyd etdiyi kimi, bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri yerli ictimai rəyi formalaşdırmaq xüsusiyyətinə malikdirlər. Bu baxımdan onların hadisə və proseslərə yanaşma tərzindəki monolitlik də önəmli faktordur. Eyni zamanda bölgədə fəaliyyət göstərən jurnalistlərin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə yanaşması mühüm əhəmiyyət daşımaqdadır.
Konfransda Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, şuranın idarə heyətinin üzvləri - Milli Məclisin deputatı Cavanşir Feyziyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycanın informasiya təhlükəsizliyi məsələsinin ölkə miqyasında müzakirəsini vacib məqam kimi vurğulayıblar.
Bildirilib ki, mətbuatımız təbiəti etibarilə cəmiyyətdə vətənpərvərlik hissinin aşılanmasına xidmət edən materiallara həmişə geniş yer verib. Bu tipli yazıların istər kəmiyyətinin, istərsə də keyfiyyətinin artırılmasına ehtiyac var. Natiqlər dünya miqyasında medianın milli maraqları müdafiə etməsi ilə bağlı nümunələrin üzərində dayanaraq qeyd ediblər ki, xalq və ölkə üçün vacib məqamlarda KİV-lərin monolit komanda kimi çıxış etməsi həlledici əhəmiyyətə malikdir .
Toplantıda çıxış edən bölgə mətbuatının nümayəndələri - “Şəki” qəzetinin redaktoru Akif Salam, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, “Oğuz” qəzetinin redaktoru Nazim Hüseynov, “Qəbələ” qəzetinin redaktoru Oqtay Məmmədov, Qaxın “Şəlalə” qəzetinin redaktoru Novruz Şabanov, “Balakən” qəzetinin redaktoru Mürsəl Mikayılov bildiriblər ki, media milli maraqları mütləq nəzərə almalı və ona söykənməlidir. Bu, hər bir jurnalistdən vətənpərvər olmağı tələb edir. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev də həmişə nitq və çıxışlarında jurnalistləri vətənpərvər olmağa çağırıb.
Çıxışlarda vurğulanıb ki, XXI əsr informasiya əsridir. Burada savaş təkcə müharibə meydanlarında getmir. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan kimi qonşumuz varsa, mediamız təcavüzkarın informasiya manipulyasiyalarından da düzgün nəticə çıxarmağı bacarmalıdır. Bu baxımdan yerlərdə əhalini maarifləndirmək missiyasını həyata keçirən bölgə KİV-lərinin üzərinə də mühüm vəzifələr düşür.