Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq festivalda Dövlət Kukla Teatrının tamaşası azyaşlılara sevinc dolu anlar bəxş edib

14 sentyabr 2014 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Şəkidə keçirilən birinci Beynəlxalq teatr festivalı artıq üçüncü gündür teatrsevərləri maraqlı tamaşalarla sevindirir.
Festivalın fərqli cəhətlərindən biri də təşkilatçıların balaca tamaşaçıları da yaddan çıxarmamaları, bu teatr bayramının proqramına bir neçə uşaq tamaşasının daxil edilməsidir.
Festival çərçivəsində sentyabrın 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Şəki şəhərindəki Yay teatrında uşaqlar qarşısında “Çanta trio” adlı tamaşa ilə çıxış edib.
Teatrın baş rejissoru Qurban Məsimovun müəllifi olduğu və quruluş verdiyi bu tamaşada rolları aktyorlar Elnur Abbasquliyev, Elnir Əliyev, Elnur Xəlilov, həmçinin müəllif canlandırıblar. Tamaşanı izləmək üçün Yay teatrına nəzərdə tutulduğundan da xeyli artıq tamaşaçı gəlib. Balacalar aktyorların canlandırdıqları bir-birindən maraqlı obrazları böyük sevinc hissi ilə seyr ediblər, onları ürəkdən alqışlayıblar.
Uğurla başa çatan tamaşanın sonunda kollektivə Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin diplomları təqdim olunub.

Keçidlər