Festivalda Şuşa teatrı tamaşaçılara “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasını təqdim edib
Uğurla davam edən Birinci Şəki Beynəlxalq teatr festivalının dördüncü günü Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasını təqdim edib.
Teatr bu gün təkcə Şuşanın adını deyil, həm də onun qədim tarixə malik teatr ənənələrini yaşadır. Bu ənənələrdən biri də Şuşa teatrının fəaliyyətində Azərbaycanın milli dramaturgiyasının banisi M. F. Axundzədənin yaradıcılığına geniş yer ayrılmasıdır. Şuşa teatrında müxtəlif illərdə görkəmli dramaturqun bütün komediyaları səhnəyə qoyulub.
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşaya Əməkdar Artist Loğman Kərimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimovdur.
Tamaşada əsas rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Nazir Rüstəmov və başqaları oynayıblar.
Yay teatrında oynanılan tamaşanın sonunda kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.