Beynəlxalq teatr festivalında Eduardo de Filipponun “Ruhlar” tamaşası oynanılıb
Uğurla davam edən birinci Şəki Beynəlxalq teatr festivalının növbəti günündə- sentyabrın 15-də axşam teatrsevərlərə Lənkəran Dövlət Dram Teatrının italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşa təqdim olunub.
İtalyan neorealizminin banisi Eduardo de Filippo 50-dən artıq pyesin müəllifidir. Onun əsərləri dünyanın 150-dən çox teatrında oynanılıb.
Lənkəran teatrında səhnələşdirilən “Ruhlar” tamaşasının quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.
Tamaşada əsas rolları Əməkdar Artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa ediblər.
Tamaşa insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirir. Əsərin süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şayiələr ucbatından bu malikanəni heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün bu şayiələrə son qoymaq üçün malikanəni təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verir.
Şəki Dövlət Dram Teatrında oynanılan tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Tamaşadan sonra kollektivə diplomlar təqdim olunub.