Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə teatr bayramı davam edir

18 sentyabr 2014 | 15:00

Şəkinin mədəni həyatında əlamətdar hadisəyə çevrilən birinci Beynəlxalq teatr festivalının başa çatmasına saylı günlər qalıb.
Sentyabrın 10-dan davam edən festival çərçivəsində indiyədək teatrsevərlərə ölkəmizin, eləcə də Rusiya və Qazaxıstanın tanınmış teatr kollektivlərinin hazırladıqları 12 tamaşa təqdim olunub.
Sentyabrın 17-də Şəki teatrsevərləri respublikamızın ən qədim sənət məbədlərindən olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını izləmək imkanı əldə etdilər.
Mərhum rejissor, Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun quruluş verdiyi bu səhnə əsərinin rəssamı Rəşid Şerif, bəstəkarı Xalq Artisti Siyavuş Kərimidir. Tamaşada Lənkəran vilayətinin xanı və Mirzə Həbib rollarını xalq artistləri Nurəddin Mehdixanlı və Cəfər Namiq Kamal ifa ediblər. Tamaşada, həmçinin əməkdar artistlər Münəvvər Əliyeva, Məzahir Cəlilov, Elxan Quliyev, Aslan Şirin, Əli Nur, Firuz Xudaverdiyev, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Hikmət Rəhimov, Əminə Babayeva, Rada Nəsibova və başqaları oynayıblar.
Tamaşanın sonunda kollektivə festivalın diplomları təqdim olunub.
Azərbaycanın milli teatrının yaranma tarixi çox-çox uzaq illərə gedib çıxır. 1873-cü il martın 10-da görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin şagirdləri “Nəciblər klubu”nda M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını tamaşaya qoyublar. Bununla da professional milli teatrımızın, başqa sözlə, indiki Akademik Milli Dram Teatrının bünövrəsi qoyulub. Əvvəllər müxtəlif mədəni-maarif cəmiyyətlərinin nəzdindəki teatr dəstələrində truppalar şəklində tamaşalar verən bu teatr 1919-cu ildən dövlət teatrı statusu ilə fəaliyyət göstərir. 1991-ci ildən etibarən isə bu sənət məbədi Akademik Milli Dram Teatrı adlanır.

Keçidlər