Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın teatr sənətini ölkəmizin hüdudlarından kənarda da təbliğ etməyə çalışırıq

18 sentyabr 2014 | 15:00

Azərbaycanın dilbər guşələrindən olan Şəkidə keçirilən beynəlxalq teatr festivalında iştirakımız, yenidən qurulan bu möhtəşəm teatrın səhnəsində Şəki teatrsevərləri qarşısında çıxış etməyimiz kollektivimiz üçün olduqca əlamətdardır.
Bu sözləri Birinci Şəki Beynəlxalq teatr festivalında iştirak edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov AzərTAc-a müsahibəsində söyləyib.
Festivala görkəmli maarifçi, filosof, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin məşhur “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını gətirdiklərini bildirən teatrın rəhbəri repertuarda görkəmli dramaturqun yaradıcılığına geniş yer ayrıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, mərhum rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi bu tamaşa teatrın repertuarında möhkəm yer tutur. Kollektiv bir müddət əvvəl bu tamaşanı İsveçdə də nümayiş etdirib. İsveç tamaşaçıları Azərbaycan teatr sənətinin bugünkü inkişaf səviyyəsini, M.F.Axundzadənin dramaturji dühasını izləmək imkanı əldə ediblər.
Teatrın gələcək planlarına toxunan İsrafil İsrafilov deyib: “Biz Azərbaycan teatr sənətini yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da təbliğ etməyə çalışırıq. 142-ci teatr mövsümünü öz teatrımızda İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri ilə açacağıq. Daha sonra tamaşaçılara Vaqif Səmədoğlunun pyesi əsasında hazırlanan “Generalın son əmri” tamaşasını təqdim edəcəyik. Oktyabrın 1-dən 5-dək Gürcüstanda, 11-dən 14-dək isə Albaniyada keçiriləcək beynəlxalq teatr festivallarında iştirak edəcəyik. Xarici səfərlərimiz başa çatdıqdan sonra teatrımız Bakıda keçiriləcək ənənəvi III Beynəlxalq teatr forumu və konfransına hazırlıq işlərinə başlayacaq. Bu tədbirdə dünyanın bir neçə qitəsini təmsil edən teatr kollektivlərini qəbul edəcəyik”.

Keçidlər