Görkəmli gülüş ustası Lütfəli Abdullayevin 100 illiyi onun doğulduğu Şəkidə təntənə ilə qeyd olunub
Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində sentyabrın 10-dan 19-dək Şəkidə davam edən birinci Beynəlxalq teatr festivalı uğurla başa çatıb.
Festivalın bağlanış günü, sentyabrın 19-u, həm də, Şəkidə görkəmli gülüş ustası, Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubiley tədbirinin keçirilməsi ilə əlamətdar olub.
Yubiley tədbiri Şəki şəhərində Lütfəli Abdullayevin adını daşıyan küçənin başlanğıcında görkəmli gülüş ustasının büstünün açılışı ilə başlanıb.
Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsinin yubiley tədbirinin onun doğulduğu Şəkidə keçirilməsinin şəhərin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib. Qeyd edilib ki, xalqımızın sevimli aktyoru olan Lütfəli Abdullayevin xatirəsi onun doğma şəhəri olan Şəkidə də həmişə hörmətlə yad edilir. Şəhərin küçələrindən biri bu ölməz sənətkarın adını daşıyır. Bu gün isə həmin küçənin başlanğıcında sənətkarın büstü qoyulur. Vurğulanıb ki, şəkililər həmyerlilərinə - görkəmli gülüş ustasına olan bu sevgi və məhəbbətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bir neçə gün əvvəl - sentyabrın 10-da bu şəhərdə ilk dəfə keçirilən beynəlxalq teatr festivalının açılış mərasiminə toplaşmışdıq. Bu gün isə burada Azərbaycan mədəniyyətinə, mənəviyyatına, Azərbaycan teatr sənətinin inkişafına bütün varlığı ilə xidmət etmiş, kinomuzun inkişafına böyük töhfələr vermiş Lütfəli Abdullayevin 100 illik yubileyi keçirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi ilə bağlı xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam əsasında Azərbaycanın demək olar ki, bütün şəhər və rayonlarında, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib. Qeyd olunub ki, bir həftədən Şəki Dövlət Dram Teatrının foyesində Lütfəli Abdullayevin həyat yolunu özündə ehtiva edən fotosərgi açılıb.
Nazir müavini bildirib ki, görkəmli gülüş ustasının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəkinin bu dilbər guşəsində sənətkarın büstünün qoyulması şəkililərin ona olan sevgi və məhəbbətinin bariz nümunəsidir.
Vurğulanıb ki, Azərbaycan səhnəsinin nadir istedadlarından biri kimi teatr tariximizdə həmişə yeri görünən, yaratdığı obrazlarla milyonların yaddaşında əbədiləşən Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə anadan olub. Hələ kiçik yaşlarından həmyerlilərinin baməzə söhbətlərinə, şən zarafatlarına alışdığından, o da asanlıqla insanlarla münasibət qurmağı, hər kəsin diqqətini cəlb etməyi bacarırdı. Fitri istedada, yüksək səhnə mədəniyyətinə malik sənətkar kimi Lütfəli Abdullayev özünəməxsus, təkrarolunmaz üslubda canlandırdığı son dərəcə koloritli, rəngarəng obrazlarla Azərbaycan teatr tarixinə və kino salnaməsinə yeni parlaq səhifələr yazıb.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək görkəmli gülüş ustası Lütfəli Abdullayevin Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərindən söhbət açıblar.
Görkəmli sənətkarın qızı Xurşud Abdullayeva bu günün onun üçün ən əziz günlərdən biri olduğunu vurğulayıb, yubiley tədbirlərinin keçirilməsinə görə minnətdarlığını bildirib.
Büstün üzərindəki ağ örtük götürüldükdən sonra tədbir iştirakçıları abidənin önünə gül-çiçək düzüblər.
Abidənin müəllifi heykəltəraş Nadir Eminlidir.
Sonra yubiley tədbiri Şəki Dövlət Dram teatrında davam etdirilib.
Tədbir iştirakçıları foyedə görkəmli gülüş ustasının həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bu gün Şəkidə əsl mədəniyyət bayramının olduğunu vurğulayıb. Bildirilib ki, bu gün görkəmli gülüş ustası Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri ilə yanaşı, Şəkidə daha bir mötəbər tədbir – Azərbaycan teatr tarixində ilk dəfə keçirilən birinci Şəki Beynəlxalq teatrının bağlanış mərasimi keçirilir. Qeyd olunub ki, Azərbaycan teatrının ən parlaq simalarından olan Lütfəli Abdullayev, eləcə də onun sənət dostları Nəsibə Zeynalova, Bəşir Səfəroğlu və digərləri bu gün Azərbaycan teatrına göstərilən diqqət və qayğını görsəydilər, yəqin ki, çox xoşbəxt olardılar.
Azərbaycan teatrlarının son illər qazandıqları uğurlardan bəhs edən Ədalət Vəliyev “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən bu teatr festivalının nəinki Şəkinin, bütövlükdə Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu vurğulayıb. Nazir müavini ənənəvi olaraq 2 ildən bir keçiriləcək bu festivala gələcəkdə xarici ölkələrdən daha çox kollektivlərin qatılacağına ümidvar olduğunu vurğulayıb.
Sonra yubiley tədbirinin iştirakçıları festivalın sonuncu tamaşasını - Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivinin təqdim etdiyi Ə.Haqverdiyevin “Kimdir müqəssir?” ikihissəli komediyasını izləyiblər.
Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Tamaşada əsas rolları Əməkdar Artist Çingiz Əhmədov, Ələkbər Əliyev, Hüseyn Əlili, Gültac Əlili, Fəridə Məlikova və başqaları ifa ediblər.
Tamaşadan sonra kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.