Şəkidə uzun illər yaşayacaq bir festivalın əsası qoyuldu
Bu gün Şəkidə iki böyük hadisənin həm şahidi, həm də iştirakçısı olduq. Prezident İlham Əliyevin görkəmli gülüş ustası Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Bakıda, eləcə də regionlarda keçirilən tədbirlərə yekun vururuq. Eyni zamanda, birinci Şəki Beynəlxalq teatr festivalının bağlanış mərasimidir.
Bu sözləri Lütfəli Abdullayevin 100 illik yubileyi və Beynəlxalq teatr festivalının bağlanışı münasibətilə Şəkidə keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev söyləyib.
Bu gün Şəkinin çox gözəl bir guşəsində görkəmli gülüş ustasının büstünün açıldığını bildirən Ə. Vəliyev Azərbaycan mədəniyyətinə hədsiz töhfələr vermiş, teatr və kino sənətinin inkişafında müstəsna xidmətləri olan L.Abdullayevin öz doğma vətəni Şəkiyə, şəkililərlə artıq bir mərmər parçasında əbədi görüşə gəldiyini vurğulayıb.
Nazir müavini deyib: “On gün ərzində Azərbaycanın müxtəlif teatrları, o cümlədən müxtəlif ölkələrdən gəlmiş teatr kollektivləri böyük sevgi ilə şəkililər, teatrsevərlər, sənətsevərlər qarşısında özlərinin ən gözəl tamaşalarını göstəriblər. Tamaşaçılara böyük Mirzə Fətəli Axundzadənin, dünya dramaturgiyası ustalarının yaradıcılığından nümunələr təqdim olundu. Hesab edirəm ki, Azərbaycanın bu gözəl guşəsində uzun illər yaşayacaq bir festivalın əsası qoyuldu. Mən bu bayram münasibətilə bütün teatrsevərləri bir daha təbrik edirəm”.