Şəki müəllimləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər
Şəki müəllimləri öz peşə bayramlarını – Beynəlxalq Müəllimlər Gününü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. Onların yetirmələri ötən tədris ilində bir çox nailiyyətlər əldə edib, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda uğurlar qazanıblar. Tədris ilinin yekunlarına görə, məzunlardan 19 nəfər qızıl medala layiq görülüb. Şəki məktəbliləri ali məktəblərə qəbul imtahanlarında da uğurlu nəticələr əldə edib, 612 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 135 nəfəri 500-dən, o cümlədən 40 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Bu fikirlər 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəki şəhərində keçirilən bayram tədbirində səsləndirilib.
Qabaqcıl təhsil işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edənlər müəllimləri əlamətdar bayram münasibətilə təbrik edib, müəllimlik sənətinin dünyada ən çətin, eyni zamanda, ən şərəfli və gözəl peşə olduğunu vurğulayıblar. Qeyd olunub ki, savadlı nəslin formalaşmasında, eləcə də şəxsiyyətin və vətəndaşın tərbiyə olunmasında müəllimin rolu böyükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bildirilib ki, təhsil sisteminin əsasını təşkil edən müəllimlər daim dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini həmişə yüksək qiymətləndirib. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,- deyən dahi öndərimiz təhsil işçilərinə daim böyük hörmətlə yanaşıb.
Qeyd olunub ki, müstəqil Azərbaycanın gələcəyi məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan asılıdır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin və məktəblərin mükafatlandırılması, pedaqoji işçilərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən davamlı tədbirlər təhsilə və müəllimə qayğının bariz nümunəsidir.
Vurğulanıb ki, zəngin maarifçilik ənənələri olan Şəkidə də elmə, təhsilə, müəllimə həmişə yüksək münasibət bəslənilib və bu ənənə indi də davam edir. Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, bu il də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 30 sentyabr tarixli Sərəncamı ilə şəhər 10 nömrəli tam orta məktəbinin müəllimi Adilə Məmmədova “Tərəqqi” medalına, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Filyar İbrahimova isə “Əməkdar Müəllim” fəxri adına layiq görülüblər.
Şəhər icra hakimiyyəti tərəfindən bir qrup qabaqcıl müəllimə mükafatlar təqdim olunub.
Bayram tədbiri paytaxtdan gəlmiş Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestrinin təqdim etdiyi maraqlı konsert proqramı ilə başa çatıb.