Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Çələbixan” məhəlləsinin sakinləri ilə görüşmüşdür
Oktyabrın 9-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin “Çələbixan” məhəlləsinin sakinləri ilə görüşmüşdür.
Görüşdə məhəllə sakinləri, şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, əlaqədar müəssisə, idarə və təşkilatların rəhbələri də iştirak etmişlər.
Şəhər sakinləri çıxış edərək icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmiş, son illər şəhərdə aparılan geniş tikinti, abadlıq və yenidənqurma işlərinin sakinlərin hədsiz sevincinə səbəb olduğunu bildirmişlər. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə görüləcək işlərdən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
Məhəllə sakinləri Xalid Məmmədov, Xanlar Abdullayev, Abduləli Rəsulov və digərləri çıxış edərək M.Ə.Rəsulzadə küçəsindən S.M.Əfəndiyev küçəsinə qədər olan hissədə asfalt örtüyünün çəkilməsi, S.M.Əfəndiyev küçəsində su ötürücü arxın təmizlənməsi, 20 №li tam orta məktəbin giriş hissəsinə asfalt örtüyünün çəkilməsi, M.F.Axundov küçəsindən 20 №li tam orta məktəbə gedən yolun işıqlandırılması və sairlə bağlı təkliflərini irəli sürmüşlər.
Görüşə yekun vuran şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qaldırılan məsələrlə bağlı aidiyyatı idarə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar vermiş, qarşıda duran vəzifələr barədə danışmışdır.