Şəkidə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsinə dair tədbir keçirilib
Oktyabrın 9-da Şəkidə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, Qanundan irəli gələn məsələlərin yoxlayıcı orqanlara izah edilməsi məqsədilə tədbir keçirilmişdir.
Tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, 31 mərkəzi və 6 yerli icra hakimiyyəti orqanlarından 80-ə yaxın nümayəndə iştirak etmişdir.
Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd etmişdir ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri, o cümlədən hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Yoxlamaların təşkili və aparılması, eləcə də bu sahədə dövlət orqanlarının fəaliyyətinin səmərəli təşkili məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlət başçısının 28 avqust 2013-cü il tarixli Fərmanı ilə bu Qanunun səmərəli tətbiqinə dair hüquqi mexanizm formalaşdırılmışdır. Qanun və onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi, bu sahədə yoxlayıcı orqanın və sahibkarların hüquq və vəzifələrini bilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qanunun tətbiqi sahibkarlıq sahəsində aparılan yoxlamaların hüquqi baxımdan daha dolğun tənzimlənməsinə, sahibkarların maraqlarının müdafiəsinin daha effektiv təmin olunmasına, dövlət nəzarəti tədbirlərinin keyfiyyətinin yüksəlməsinə və ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Zaur Qasımov çıxışında qanundan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə də məlumat vermişdir. Qeyd olunmuşdur ki, Fərmanla verilmiş tapşırıqlara uyğun olaraq, bu il Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər təşkil olunmuş və həmin tədbirlərdə müvafiq qanunvericilikdən irəli gələn məsələlər barədə sahibkarlara ətraflı məlumat verilmişdir. Bu gün təşkil olunan tədbir də bu qəbildəndir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Firon Əliyev çıxışında son illər Şəkidə sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, rayonda özəl bölmənin dinamik inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirmişdir. Qeyd edilmişdir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tətbiqi və bu barədə sahibkarların maarifləndirilməsi hər bir bölgədə olduğu kimi, Şəkidə də fəaliyyət göstərən sahibkarların hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradacaqdır.
Daha sonra çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Rəşad Mustafayev sahibkarların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik bazası, sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və aparılması qaydaları barədə məlumat vermişlər.
Ədliyyə Nazirliyinin nümayəndəsi Ağakərim Səmədzadə isə yoxlamaların elektron uçotu, yoxlayıcı orqanların vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi barədə məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.