Şəkidə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilmişdir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə oktyabrın 27-28-də Şəki şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans keçirilmişdir.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıyan konfransda şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra DQİDK-nin sədri Mübariz Qurbanlı, Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov və digər şəxslər Şəki İslam mədrəsəsində olub, mədrəsənin müəllim və tələbələri ilə, dini icma üzvləri ilə görüşüb, həmçinin Şəki Cümə və İmaməli məscidlərinə baş çəkiblər.
“Şəki Palas” otelinin konfrans zalında keçirilən tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, ümummilli lider Heydər Əliyevin bununla bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, ölkəmizdə dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir. Bununla belə, xalqımız öz milli-mənəvi dəyərlərini də daim qoruyur.
AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov sovet hakimiyyəti illərində və müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması üçün gördüyü misilsiz işlərdən bəhs edib. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalara dövlət tərəfindən diqqət və qayğı göstərilir. Kilsə və sinaqoqlar təmir olunur, qorunur, yeniləri tikilir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı vurğulayıb ki, qloballaşan dünyada yeni çağırışlar cəmiyyətimizin bütün sahələrində olduğu kimi, din sahəsində də özünə yer tapır. O, yeniliklərin bundan sonra da davam etdirilməsinin zərurətindən bəhs edib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov dövlətin dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşdığını diqqətə çatdıraraq, dövlətimizin başçısı İlham Əliyevin, habelə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələrdən söhbət açıb. Natiq bildirib ki, məscidlər, eyni zamanda, elm ocağı olmalıdır. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi” bu istiqamətdə tədbirlər hazırlayırlar.
DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edərək bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı da sürətlənib. Ulu Öndər Heydər Əliyevin “Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik” fikrini xatırladan komitə sədri deyib: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmək meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətlə yanaşılmalıdır. Ölkə dindarlarını yad təsirlərdən qorumaq məsuliyyəti daha çox ruhanilərin üzərinə düşür. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək gəlib çıxan milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu insanlara düzgün şəkildə çatdırmalıyıq”.
Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Panellər üzrə davam edən konfransda bir sıra maraqlı məruzələr dinlənilib, təqdim olunan mövzular ətrafında müzakirələr aparılıb.
Regional konfrans işini oktyabrın 28-də plenar iclaslarla davam etdirmişdir.