Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin tarixi məkanları diplomatlarda dərin təəssüratlar yaradıb

05 noyabr 2014 | 16:00

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan, bu il 4 beynəlxalq festivala və bir neçə beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edən Şəki bu dəfə öz qapılarını ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin üzünə açıb.
Azərbaycanın bölgələrinin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanışlıq üçün təşkil edilən səfər çərçivəsində şimal-qərb marşrutu üzrə ekskursiyaya çıxan səfirlər, səfirliklərin nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri noyabrın 4-də Şəkidə olublar. İnfotur Azərbaycan Respublikasının Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə həyata keçirilir.
Diplomatlara Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəki bu günlərdə 2702 illiyini böyük təntənələrlə qeyd edib. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, həm də dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə məşhurdur. Turizmin inkişaf etdirilməsi üçün çox əlverişli coğrafi şəraitin və infrastrukturun mövcud olduğu Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi var.
Qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.
Diplomatlar Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət ediblər. Məlumat verilib ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
İnfotur iştirakçıları daha sonra Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları qonaqların marağına səbəb olub. Diqqətə çatdırılıb ki, iki il əvvəl bu möhtəşəm sarayın 250 illik yubileyi Şəkidə böyük təntənələrlə qeyd olunub.
Diplomatlar sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olublar.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar XVIII əsrin sonunda inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzə yaxın otaq və zirzəmidən ibarətdir.
Şəkidən xoş təəssüratlarla ayrılan infotur iştirakçıları Qəbələ rayonuna yola düşüblər.

Keçidlər