Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiya iştirakçıları Şəkidə

10 noyabr 2014 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, son illər ölkə gənclərinin fəallığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, proqram və layihələr icra edilir.
Dövlətimizin başçısının tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya da məhz belə layihələrdəndir. Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə təşkil edilən bu aksiya gənc nəslin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət edir.
Tur-aksiyanın avqustun 1-dən sentyabrın 6-dək davam edən birinci mərhələsində respublikamızın 53 şəhər və rayonundan 2385 iştirakçı, o cümlədən 2120 məktəbli iştirak edib.
Noyabrın 9-da maarifləndirici tur-aksiyanın növbəti, ikinci mərhələsi başlanıb.
Bir həftə davam edəcək tur-aksiya çərçivəsində Bakı şəhərinin 12 rayonunun IX-XI sinif şagirdlərinin respublikamızın 6 regionu üzrə ekskursiyaları nəzərdə tutulub.
Maarifləndirici tur-aksiya çərçivəsində ölkəmizin şimal-qərb bölgəsinə ekskursiya edən Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarının məktəbliləri noyabrın 9-da Şəki şəhərinə gəliblər.
Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanan tur-aksiya iştirakçılarına Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2702 yaşı vardır. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, həm də, dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə məşhurdur. Tur-aksiyanın bütün iştirakçılarına Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olunub. Şəki Olimpiya İdman Kompleksinin otelində yerləşən məktəblilər daha sonra Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış oldublar. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq məktəblilərə olduqca xoş təsir bağışlayıb. Onların əksəriyyəti bu bənzərsiz abidəni ilk dəfə görürdü. Qonaqların diqqətinə çatdırılıb ki, bu saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir.
Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər. Məktəblilər daha sonra “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən V-VI əsrlərə aid Dairəvi Məbəd, XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” və digər abidələrlə tanış oldub, sənətkarların dükanlarına baş çəkiblər.
Sabunçu və Suraxanı məktəblilərini noyabrın 10-11-də Qax və Zaqatala rayonlarının tarixi yerlərinə maraqlı ekskursiyalar gözləyir.

Keçidlər