Bələdiyyə seçkiləri ilə bağlı regional maarifləndirmə tədbirlərinə start verilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı Mərkəzi Seçki Komissiyası ilə birgə bələdiyyə seçkiləri ilə bağlı regional maarifləndirmə tədbirlərinə start verib. İlk belə tədbir noyabrın 17-də Şəki şəhərində keçirilib.
Ombudsmanın Şəki Regional Mərkəzinin ofisində keçirilən tədbirdə MSK-nın, Ombudsmanın regional bölməsinin əməkdaşları, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonları və Mingəçevir şəhəri üzrə dairə və məntəqə seçki komissiyalarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Rəfail Mənəfov tədbirdə çıxış edərək rayonda insan hüquqlarının, o cümlədən seçki hüquqlarının təmini ilə bağlı görülən işlər, seçki qanunvericiliyi, bələdiyyə seçkilərinə hazırlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması və s. barədə məlumat verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının “Azərbaycan Respublikasında seçki hüququnun təmini sahəsində həyata keçirilən hüquqi islahatlar, ölkə vətəndaşlarının bələdiyyə seçkiləri ilə bağlı hüquq və vəzifələri” mövzusunda məruzəsi dinlənilib. O, Azərbaycanda insan hüquqları sahəsində geniş islahatların aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan çoxsaylı beynəlxalq konvensiyalara qoşulub, milli qanunvericilik, institutlaşma təkmilləşdirilib, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra insan hüquqlarının, o cümlədən seçki hüquqlarının müdafiəsi və təmini sahəsində mühüm irəliləyişlərə nail olunub. Artıq 12 ildir fəaliyyət göstərən Ombudsman təsisatı insan hüquqları, o cümlədən seçki hüquqları sahəsində səmərəli iş aparır. Bu istiqamətdə MSK ilə sıx əməkdaşlıq əlaqələri qurulub.
Diqqətə çatdırılıb ki, seçkilərlə bağlı MSK tərəfindən tərtib edilmiş plana uyğun olaraq, yerlərdə də silsilə hazırlıq tədbirləri keçirilir, nəzərdə tutulmuş tarixlər çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydiyyatı istiqamətində işlər davam etdirilir.
MSK-nın nümayəndələri Faiq Bəşirov və İlkin Şahbazov çıxış edərək Seçki Məcəlləsinin müvafiq müddəaları, seçki sistemi, səsvermə qaydaları, müşahidəçilik institutu və müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyalarının üzvləri üçün maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.
Müzakirələr zamanı region üzrə dairə və məntəqə seçki komissiyalarının üzvləri, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri çıxış edərək bu sahədə regionda aparılan işlər, seçki qanunvericiliyinə uyğun olaraq seçkilərə hazırlığın vəziyyəti, dairə və məntəqə seçki komissiyalarının, habelə bələdiyyələrin fəaliyyəti, seçki məntəqələrinin texniki təchizatının vəziyyəti haqqında danışıblar.