Şəki Su Elektrik Stansiyasında yeni qurğu istismara verilib
Noyabrın 17-də Şəki Su Elektrik Stansiyasının ikinci qurğusu istismara verilib.
Qurğunun quraşdırılması Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib. Layihə Avropa İttifaqı və Norveç hökuməti tərəfindən maliyyələşdirilib.
Bu münasibətlə keçirilən mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin və ABOEMDA-nın rəsmiləri, Avropa İttifaqının Azərbaycandakı missiyasının, BMT-nin İnkişaf Proqramının və Norveçin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayıb, Şəkidə bu layihənin reallaşdırılmasında xidməti olan bütün qurumlara öz təşəkkürünü bildirib.
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov layihənin reallaşmasına göstərdiyi dəstəyə görə tərəfdaş təşkilatlara təşəkkür edib, Azərbaycan hökumətinin və ABOEMDA-nın ölkədə alternativ enerji mənbələrini inkişaf etdirmək istiqamətində həyata keçirdiyi və nəzərdə tutulan tədbirlər barədə danışıb. Agentliyin sədri bildirib ki, Azərbaycan hökuməti bu layihəni həyata keçirməklə, mineral sərvətlərlə zəngin olan respublikamızda təbiətə təzyiqin azaldılması fəaliyyəti üzrə qlobal çağırışa əməl etdiyini və alternativ enerji mənbələrinin inkişafını dəstəklədiyini bir daha nümayiş etdirmiş oldu.
Diqqətə çatdırılıb ki, “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” layihəsinin əsas məqsədi Xəzər dənizi sahili boyunca külək enerjisindən istifadəni, quşçuluq və mal-qara sənayelərindən bioqaz emalını, eləcə də günəş enerjisinin cari istehsalı işinin artırılması və genişləndirilməsi də daxil olmaqla, alternativ enerji mənbələrini inkişaf etdirməkdir. Qeyd olunub ki, stansiyada ikinci qurğunun işə salınması Şəkinin enerji təchizatını daha da yaxşılaşdıracaq, eyni zamanda, bu qurğu vasitəsilə daha kiçik, ekoloji təmiz elektrik enerji istehsalı işini nəzərdən keçirmək və bunun əsasında, ölkənin digər kiçik çay və sularında layihənin tətbiqini qiymətləndirmək mümkün olacaqdır. İstifadəyə verilən bu pilot su elektrik qurğusu Azərbaycanın digər bölgələrində də oxşar stansiyaların tikilməsində ABOEMDA üçün yaxşı təcrübədir.
Mərasimdə layihənin əsas tərəfdaşları qismində iştirak edən Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri xanım Malena Mard, BMT-nin rezident əlaqələndiricisi və bu qurumun İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk və Norveçin Azərbaycandakı səfirliyinin birinci katibi Marko Soldiç çıxış edərək uğurla başa çatan bu layihənin çoxtərəfli əməkdaşlığa bariz nümunə olduğunu bildiriblər.
Yeni qurğu işə salınandan sonra mərasim iştirakçıları stansiyanın fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, 1936-cı ildən fəaliyyət göstərən bu nadir alternativ enerji mənbəyinin texniki imkanlarını artırmaq məqsədi ilə 2008-ci ildə stansiyada yenidənqurma işləri aparılıb və 1,3 meqavat gücündə güc avadanlığı – turbin-generator quraşdırılıb. Stansiyada yeni quraşdırılan qurğu isə 580 kilovat gücündədir. Stansiya Çinin “Hunan Allonvard” şirkəti tərəfindən avadanlıqla təchiz olunub və qurğulara qısa və uzunmüddətli zəmanət verilib. Layihə çərçivəsində stansiyanın yerli heyətinə şirkətin mütəxəssisləri tərəfindən müvafiq təlimlər keçirilib.