Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı Nazirliyi Şəkidə taxıl istehsalıçılarına kömək məqsədilə zəruri tədbirlər həyata keçirib

21 noyabr 2014 | 16:00
Havaların quraq keçməsi respublikamızın bir sıra bölgələrində, o cümlədən ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl istehsalının həcminin və keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Toxum çatışmazlığı səbəbindən də son günlərədək rayonda payızlıq dənli bitkilərin səpinində də ləngimələr müşahidə olunurdu.
Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi məhsul istehsalçıları ilə görüşərək mövcud vəziyyəti araşdırıb və problemlərin aradan qaldırılmasına kömək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Nazirlik müraciətə təcili münasibət bildirib və artıq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb.
“Azərtoxum” MMC fermerləri güzəştli şərtlərlə elit və yüksək məhsuldar toxumla təmin edib. Məhsul istehsalıçıları aldıqları toxumun dəyərini gələcəkdə, məhsul yığımından sonra ödəyəcəklər. Bundan əlavə, tələbata uyğun olaraq rayona mineral gübrələr də gətirilib və hazırda güzəştli şərtlərlə istehsalçılara paylanılır.
Eyni zamanda, səpinin gedişini sürətləndirmək üçün Yevlax, Ucar və Zərdab rayonlarından şum və səpin traktorları gətirilib.
Görülmüş tədbirlər qısa müddətdə öz müsbət nəticəsini verib, təsərrüfatlarda taxıl səpini xeyli sürətlənib. Bu günədək rayonda 51 min 800 hektar sahədə şum aparılıb və 41 min 340 hektar sahəyə toxum səpilib. Səpin aparılmış sahələrin 26 min 820 hektarını buğda, 14 min 350 hektarını arpa, 170 hektarını isə xəsillik arpa sahələri təşkil edir.
Cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 65 min hektara yaxın sahədə taxıl səpininin aparılması planlaşdırılıb. Fermerlər səpini dekabrın birinci ongünlüyündə başa çatdırmaq üçün çalışırlar.
Şəki taxılçıları onlara göstərilən bu köməyə görə Kənd Təsərrüfatı Nazirliyinə, eləcə də əlaqədar dövlət qurumlarına minnətdarlıqlarını bildirirlər.
Keçidlər