Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb

21 noyabr 2014 | 16:00

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Ocaqovun anadan olmasının 81-ci ildönümü münasibətilə noyabrın 21-də onun doğulub boya-başa çatdığı Şəki şəhərində xatirə tədbiri keçirilib.
Şəhər rəhbərliyi, tədbirə dəvət olunan qonaqlar, ziyalılar, ictimaiyyətin nümayəndələri əvvəlcə Rasim Ocaqovun şəhərin Sülh meydanında (“Güyümlər” dairəsi) qoyulmuş barelyefi önünə gül-çiçək dəstələri düzüb, sənətkarın xatirəsini ehtiramla yad ediblər.
Abidənin önündə keçirilən tədbirdə bildirilib ki, noyabrın 22-si Azərbaycanın, eləcə də keçmiş sovetlər birliyinin kino mədəniyyəti tarixində özünəməxsus yeri olan kinorejissor Rasim Ocaqovun doğum günüdür. Əgər yaşasaydı, indi onun 81 yaşı tamam olacaqdı.
Vurğulanıb ki, Şəki torpağı çox istedadlı insanlar yetişdirib, Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük sənətkarlar bəxş edib. Belə sənətkarlardan biri də Rasim Ocaqovdur. Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov bütün ömrünü kino sənətinə həsr edib. Onun operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində” və digər ekran əsərləri, rejissorluğu ilə çəkilən “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı arxasında”, “Park”, “Başqa həyat”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmlər milli kino salnaməmizdə unudulmaz izlər buraxıb.
Vurğulanıb ki, Rasim Ocaqov Vətəninə, doğulduğu torpağa, Şəkiyə bağlı bir insan idi. Onun ekran əsərlərinin bir neçəsi - “Ad günü”, “Həm ziyarət, həm ticarət” və digər filmlər Şəki ilə, Şəki həyatı ilə bağlıdır. Bu ekran əsərlərinin qəhrəmanları adi şəkililərdir.
Qeyd olunub ki, kinorejissor Rasim Ocaqov adi həyat və məişət hadisələrini çox incə cizgilərlə verməyi bacarırdı. Bu səbəbdəndir, ulu öndər Heydər Əliyev onun filmlərini çox sevirdi, bu filmləri sevə-sevə izləyirdi. Ümummilli Liderimiz sənətə, sənət adamlarına hər daim böyük qayğı ilə yanaşırdı. Ulu Öndərin bu ənənəsi hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, 2013-cü ildə Rasim Ocaqovun 80 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması sənət adamlarına göstərilən qayğıya bariz nümunədir.
Tədbirdə vurğulanıb ki, Azərbaycan kino sənətinə böyük töhfələr vermiş kinorejissor Rasim Ocaqovun əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

Keçidlər