Şəkidə gənclərin könüllülük üzrə birinci regional forumu işə başladı
Noyabrın 28-də Şəki Olimpiya İdman Kompleksində gənclərin könüllülük üzrə birinci regional forumu öz işinə başlayıb.
Şəki Şəhər İcra Hakimiyyətinin, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin, Yeni Azərbaycan Partiyası Şəki təşkilatının, şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən forum “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndinin icrasına uyğun olaraq, gənclər arasında könüllülük hərəkatının təbliğ olunması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi məqsədi daşıyır.
Forumda Şəki şəhəri, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan fəal gənclər, gənclər təşkilatlarının üzvləri, həmçinin dövlət qurumlarının, respublikanın nüfuzlu gənclər təşkilatlarının rəsmiləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Forumun iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqəlidir. Bu gün Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində fəal iştirak edir, vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər.
Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan natiq, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin fikirlərini öyrənmək, gənclər və dövlət qurumları arasında açıq ünsiyyət qurmaq üçün Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinin gənclər təşkilatlarının sonrakı fəaliyyətinə çox böyük təsir göstərdiyini bildirib.
Forumun açılışında YAP Şəki təşkilatının sədri Həsən Həsənov, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin nümayəndəsi Məmməd Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib, ölkə gənclərinin qazandıqları uğurlar barədə danışıblar. Vurğulanıb ki, dövlətin gənclərlə bağlı siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır. Bu gün Azərbaycan gəncləri Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunur. Ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial qrupa çevrilib.
Bildirilib ki, tədbirin əsas məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrasını təmin etmək, region gənclərinin fəallığını daha da artırmaq, onları həyata keçirilən layihələrdə könüllü iştirak etməyə cəlb etməkdir. Vurğulanıb ki, forumda müzakirə olunacaq məsələlər, şübhəsiz ki, region gənclərinin intellektual və yaradıcılıq potensialının artmasına, vətəndaş cəmiyyətinin inkişafında iştirakının genişləndirilməsinə müsbət təsir göstərəcək.
Sonra forum panellər üzrə öz işini davam etdirib. Forumun ilk günündə “Könüllü kimdir?” və “Regionda gənclərin sosial inkişafı və məşğulluğu” mövzuları üzrə müzakirələr aparılıb.
Forum noyabrın 29-da öz işini davam etdirəcək.