Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ictimai-siyasi və humanitar sahədə qarşıda duran vəzifələr müzakirə edildi

02 dekabr 2014 | 16:00

Dekabrın 2-də şəhər icra hakimiyyətinin akt zalında Şəkidə ictimai-siyasi və humanitar sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə Şəki şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
İclasda Şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Şəki şəhər İHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov açdı. O, müzakirə olunan məsələnin aktuallığını önə çəkərək bildirdi ki, bu gün,  ictimai-siyasi və humanitar sahədə öz həllini tapmayan bir sıra problemlər var və müzakirənin əsas məqsədi də Şəkidə ictimai-siyasi və humanitar sahədə mövcud olan problemləri müəyyən etməkdir.
     Tədbirdə başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova Şəkidə ictimai-siyasi və humanitar sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə geniş məruzə etdi.
      O qeyd etdi ki, ölkəmizdə idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi bu gün xüsusi aktuallıq kəsb edən ən mühüm vəzifələrdən biridir. Yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intevsivləşməlidir.
      Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini xatırladan Z.Cavadova vurğuladı ki, onun dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi, geniş təbliğ olunması və həm də hərtərəfli inkişaf etdirilməsi bu gün hər birimizin  ictimai-siyasi və humanitar sahədə apardığımız işin əsasını təşkil etməlidir. 
      Tədbirdə çıxış edən Şəki şəhər-rayon Polis şəbəsində xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Rizvan Ramazanov çıxış edərək ictimai asayişin qorunması, cinayətkarlıq və digər hüquqazidd əməllərin qarşısının alınması, dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlərdan danışmış, yetkinlik yaşına çatmayanlarla aparılan profilaktiki tədbirlər barədə məlumat vermişdir.
    Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında elmi işlər üzrə direktor müavini Nurəli Çələbiyev çıxışında mövcud problemlərin aradan qaldırılmasında maarifləndirmənin xüsusi əhəmiyyət kəsb etdiyini, bu işdə ziyalıların təşəbbüskarlığının vacibliyini qeyd etdi.
    Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək idarə tərəfindən gənclər siyasətinin həyata keçirilməsi istqamətində görülən işlərdən danışdı.
     Müzakirələrə Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov yekun vurdu. İctimai-siyasi və humanitar sahədə öz həllini gözləyən problemlərin olduğunu diqqətə çatdıran icra başçısı təhsil sahəsindəki problemlərdən, dövlət rəmzlərinə olan münasibətdən,  milli mənəvi dəyərlərimizə mənfi təsir göstərən amillərdən, ekoloji məsələlərdən söz açdı, mövcud problemlərin aradan qaldırılması yollarına toxundu. O, dünyada tolerantlığın və multikulturalizmin ən mükəmməl modelinə sahib olan ölkəmizdə dini cəhalət və ekstremizm kimi meyilləri fəallaşdırmağa çalışan qüvvələrin olduğunu vurğulayaraq, bu meyillərə aludə olan gəncləri düzgün yola yönəltmək, onlarla səmərəli iş aparmaq üçün konkret ictimai və dini zümrələrin fəallıq göstərməsinin vacibliyini qeyd etdi. Şəhər İcra Hakimiyyətinin başçısı qeyd olunan sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin daha da intensivləşdirilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verdi.
    Sonda müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul olundu.

Keçidlər