Şəki şəhər İcra hakimiyyəti başçısı Elxan Usubovun valideynlərlə görüşü
Məlumat verildiyi kimi, dekabrın 2-də Şəkidə ictimai-siyasi və humanitar sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə Şəki şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclasın qərarı ilə təsdiq edilmiş “İctimai-siyasi və humanitar sahədə qarşıda duran vəzifələrin icrası ilə əlaqədar Şəki şəhər İcra Hakimiyyətinin Tədbirlər Planı”na uyğun olaraq dekabrın 4-də şəhər 10 №-li tam orta məktəbin akt zalında şəhər icra hakimiyyəti başçısı Elxan Usubovun valideynlərlə görüşü keçirilmişdir.
Görüşdə şəhər rəhbərliyi və Şəkinin ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin valideynlərinin bir qrupu iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov görüşün aktuallığını önə çəkərək göstərmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son dövrlər ölkədə sosial-iqtisadi, mədəni sahədə bir şox nailiyyətlər əldə olunmuş, ölkənin iqtisadi gücü artmışdır. Sonra E.Usubov qeyd etmişdir ki, bu gün ictimai-siyasi işin daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu baxımdan məktəb müəllimləri və valideynlərlə görüşün keçirilməsi çox əhəmiyyətlidir. E.Usubov vurğulamışdır ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi, geniş təbliğ olunması və həm də hərtərəfli inkişaf etdirilməsi bu gün hər birimizin ictimai-siyasi və humanitar sahədə apardığımız işin əsasını təşkil etməlidir.
Tədbirdə çıxış edən başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova Şəkidə ictimai-siyasi və humanitar sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat verdi.
Çıxış edən müəllim və valideynlər görüşün təşkili üçün minnətdarlıqlarını bildirmiş, sağlam cəmiyyətin qurulmasında təhsilin böyük rolu olduğunu vurğulamışlar.
Görüşə yekun vuran Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd etdi ki, gənc nəslin tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə bağlıdır. Bu bir həqiqətdir ki, tərbiyə işində əsas məsuliyyət, ağırlıq ailənin üzərinə düşür. Müasir gəncləri şüurlu, dərrakəsi dərin, dünyagörüşü geniş görmək istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli və bu məsələyə ciddi yanaşmalıyıq. Vurğulanmışdır ki, valideynlər tərbiyə işini elə məqsədyönlü qurmalıdırlar ki, övladlarının əxlaqi dəyərlərinə elə zərgər dəqiqliyi ilə fikir verməlidirlər ki, sonda peşmanlıq hissi yaşamasınlar.