Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 17 saylı Tibbi-Sosial Ekspert Komissiyasının iş şəraiti müasir tələblərə uyğunlaşdırılıb

05 dekabr 2014 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarında əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması istiqamətində aparılan işlər davam etdirilir.
Dekabrın 5-də Şəki rayonu üzrə 17 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilib.
TSEK-in fəaliyyət göstərəcəyi binada yaradılan şəraitlə tanış olan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov hazırda nazirliyin 38 regional Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyini, nazirliyin digər yerli struktur bölmələri kimi, onların da iş şəraitinin müasir tələblərə uyğun qurulması sahəsində müvafiq iş aparıldığını bildirib. Diqqətə çatdırılıb ki, artıq 10 bölgə üzrə TSEK müasir iş şəraiti ilə təmin edilib. Məqsəd vətəndaşların bu komissiyalara müraciət edərkən normal iş şəraitində qəbul olunmalarını, onlara keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir.
Qeyd olunub ki, son dövrlər tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədi ilə görülən işlər cari ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam və hissəli reablitasiya göstəricilərinin yüksəlməsinə səbəb olub. Bildirilib ki, hazırda əlillik təyinatının avtomatlaşdırılması işləri də uğurla aparılır. Yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reablitasiyası İnformasiya Sistemi, həmçinin əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası əlillik təyinatı barədə aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə, eləcə də vətəndaşlara öz əlillik müayinələrinin nəticələrinə dair elektron arayışlar əldə edə bilmələrinə yönəlib.
Sonra nazirliyin rəsmiləri TSEK üçün yaradılmış yeni iş şəraiti ilə yaxından tanış olub, müayinə avadanlığını nəzərdən keçiriblər. Komissiyanın üzvlərinə əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipləri əsasında təşkili, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşmaları barədə tapşırıqlar verilib.

Keçidlər