Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyev tarix boyu Azərbaycan xalqına yol göstərəcək çox zəngin irs yaradıb

08 dekabr 2014 | 16:00

Bütün varlığı ilə doğma Vətəninə, xalqına bağlı olan ümummilli lider Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi tarix boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək çox qiymətli və zəngin irs yaradıb. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən daim faydalanır, sürətlə inkişaf edir, dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirir.
Bu fikirlər dahi rəhbərin irsinin öyrənilməsi məqsədilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə keçirilən növbəti açıq dərsdə səsləndirilib.
Tarix müəllimi Anar Məmmədovun tədris etdiyi “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda dərsin dinləyiciləri şəhərdəki 11 nömrəli tam orta məktəbin şagirdləri olublar.
Tədris prosesində ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətlərindən geniş bəhs edilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin XX əsrdə xalqımızın ən böyük nailiyyəti olduğu vurğulanıb.
Açıq dərsdə müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət ətraflı təhlil olunub, 1993-cü ilin ortalarına qədər ölkədə tənəzzülə uğrayan iqtisadiyyat, inflyasiya, işsizlik, başıpozuqluq Ulu Öndərdən əvvəl hakimiyyətdə olanların bacarıqsızlığının, uğursuz daxili və xarici siyasətin məntiqi nəticəsi kimi xarakterizə edilib.
Şagirdlər 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlişi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, gərgin fəaliyyəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması, həmin il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi, cəbhədə atəşkəsin təmin edilməsi və dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin digər məqamları barədə dolğun məlumat əldə ediblər.

Keçidlər